...

Qəbələ rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2013 11:20 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qəbələ rayonunun Hacallı kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Qəbələ rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanıb

Azərbaycan, Bakı, 28 may /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qəbələ rayonunun Hacallı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qəbələ rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- intensiv bağçılıq təsərrüfatlarının yaradılması;
- cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması;
- kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti