Azərbaycan, Bakı, 31 may /Trend/
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) birgə həyata keçirdiyi "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması" layihəsinin icrasına başlanıb.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 31-də Kürdəxanı qəsəbəsində layihə üzrə təməlqoyma mərasimi keçirilib. Mərasimdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, KOICA-nın Azərbaycan üzrə nümayəndəsi xanım Kim Eun Suk, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təməlqoyma mərasimi açıq elan edildikdən sonra çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qeyd edib ki, hazırda respublikanın 38 şəhər və rayon mərkəzində, həmçinin 350-dən artıq kəndində layihələr icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrdə də içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir: "Bu gün daha bir qəsəbədə - Kürdəxanıda yeni layihənin icrasına başlanılır. Ümumiyyətlə Bakıətrafı qəsəbələrdə işlər kompleks şəkildə həyata keçirilir. Hazırda inşası davam etdirilən Ceyranbatan-Pirallahı magistral su xətti istismara verildikdən sonra Abşeron yarımadasının şərq hissəsində yerləşən qəsəbələr mərkəzləşmiş qaydada içməli su ilə təmin olunacaq, təqribən 1 milyon nəfərin su təchizatı yaxşılaşacaq".
KOICA-nın Azərbaycan üzrə nümayəndəsi xanım Kim Eun Suk layihə haqqında məlumat verərək bildirib ki, 2011-ci ilin oktyabrında Azərbaycan hökuməti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında layihənin maliyyələşdirilməsi üçün Qrant Sazişi imzalanıb: "Bu işlərin görülməsi üçün Koreya hökuməti 26,18 milyon ABŞ dolları məbləğində qrant ayırıb. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26 250 nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb".
Daha sonra layihə üzrə işlərin başlandığını bildirən ilk boru xəndəyə endirilib.
Layihəyə əsasən, qəsəbədə polietilen borularla 89,4 km uzunluğunda içməli su xətti çəkiləcək, 2329 ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq, 417 yanğın hidrantı quraşdırılacaq. İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa magistral xəttindən veriləcək. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4000 kubmetr olan 2 ədəd su anbarı tikiləcək, bu anbarlar hazırda inşa edilən Ceyranbatan-Balaxanı kəmərindən qidalanacaq.
Layihə çərçivəsində 3,8 km uzunluğunda kanalizasiya kollektorunun və 1,4 km uzunluğunda mikrotunelin inşası da nəzərdə tutulur. Tikinti işlərinin 2014-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Bundan başqa, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq. Toplanacaq tullantı suları gələcəkdə Pirşağıda tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Məhsuldarlığı sutkada 40 min kubmetr olacaq qurğu da Koreya tərəfinin ayıracağı kredit hesabına inşa ediləcək.
Xatırladaq ki, Kürdəxanı qəsəbəsinin su təchizatı şəbəkəsi ötən əsrin 50-ci illərində yaradılıb, 1980-90-cı illərdə yenidənqurma və genişləndirmə işləri aparılıb. Qəsəbənin genişlənməsi və sakinlər tərəfindən fərdi şəkildə yaradılmış su şəbəkəsi normal su təchizatının həyata keçirilməsinə imkan vermir. Su şəbəkəsi olmayan ərazilərdə əhali quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alır. Qəsəbənin yalnız kiçik bir hissəsində kanalizasiya şəbəkəsi mövcuddur.