...

Azərbaycan iqtisadiyyatı 4,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 23:11 (UTC +04:00)
2013-cü ilin yanvar-may aylarında ölkədə 22,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Azərbaycan iqtisadiyyatı 4,5 faiz artıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

2013-cü ilin yanvar-may aylarında ölkədə 22,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 2389,0 manat (3044,4 ABŞ dolları) təşkil edib və 3,1 faiz artıb.

ÜDM-in 62,7 faizi istehsal sahələrində, o cümlədən 50,2 faizi sənayedə, 9,7 faizi tikintidə, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 30,9 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.

Xidmət sektorunda əlavə dəyər istehsalının 24,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 20,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,6 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 42,4 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib.

Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,0 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi isə 52,5 faiz təşkil edib. Eyni zamanda, neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrindəkindən 1,4 faiz az əlavə dəyər istehsal edilib.

Cari ilin beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 38,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 20,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,8 faiz, informasiya və rabitə xidmətlərində 7,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,2 faiz, sosial və digər xidmət sahələrində 2,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti