Azərbaycan, Bakı, 3 iyul /Trend/
Bu gün Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş "Dəmyə bölgələrdə yeni taxıl sortlarının sınağı və toxumçuluğunun təşkili"nə dair ümumrespublika tarla müşavirəsi keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müşavirə iştirakçıları əvvəlcə müasir tipdə tikilmiş taxıl toxumunun saxlanma anbarlarına baxış keçiriblər. Müşavirədə çıxışı zamanı bugünkü tədbirin məqsədlərindən bəhs edən kənd təsərrüfatı naziri İsmət Abasov bölgələrdə dəmyə torpaqdan səmərəli istifadəni təşkil etməklə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını ən vacib vəzifələrdən olduğunu söyləyib və burada əkilən sortların əksəriyyətinin dünya şöhrətli alim, akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradıldığını iştirakçılarının nəzərinə çatdırıb.
Nazir deyib: "Əlbəttə, bunun üçün taxılçılıqda biotik və abiotik faktorlara davamlı yeni sortlar yaradılması, onların toxumçuluğunun təşkili və yayılması istiqamətlərində ardıcıl iş aparılmalıdır. Habelə, taxıl istehsalı üçün məlum olan ən səmərəli becərmə aqrotexnikasından, gübrələmə sistemlərindən və bitki mühafizəsi tədbirlərindən istifadə olunmalıdır. Təəssüf ki, bu məsələlərlə əlaqədar hələ çox işlər, xüsusilə maarifləndirmə işləri aparılmalıdır. Taxılçılıq üçün lazım olan 50-dək aqrotexniki tədbirin ən zəruri 17-18-i yerinə yetirilərsə, məhsuldarlıq 35 sentnerdən yüksək olar. Bu, yalnız taxılçılıqla məşğul olan mütəxəssislərin yox, həm də hər bir torpaq mülkiyyətçisinin çalışmalı olduğu vacib məsələdir".
İ.Abasov artıq ölkəmizdə yaradılmış iri taxılçılıq təsərrüfatlarında hər hektardan 50-55 sentner məhsul əldə olunduğunu bildirib, ölkəmizdə taxılçılıqda məhsuldarlığın inkişafı üçün əlverişli münbit şəraitin olduğunu, kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Nazir cari ildə kənd təsərrüfatı məhsulları istehsalının artım tempinin 6-7% olacağını da bildirib.
Müşavirdə yeni, məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verilib. Qobustan Bölgə Təcrübə Stansiyasında 2000-dən artıq taxıl nümunələri sınaqdan keçirilib. "Qobustan", "Aran", "Murov-2", "Cəlilabad" sortlarının dəmyə şəraitində 35-40 sentner məhsul verdiyi qeyd olunub. Bundan əlavə, müşavirə iştirakçılarına "Qobustan" buğda sortunun quraqlığa və xəstəliklərə davamlı olmaqla yüksək keyfiyyətlərindən bəhs edilib.
Tədbirdə, həmçinin yüksək məhsul əldə etmək üçün toxumçuluq sisteminin qurulmasının vacibliyi də qeyd edilib, bu məqsədlə bölgə fermerlərinə öz təsərrüfatlarında yüksək reproduksiyalı toxumlardan istifadə etmək tövsiyə edilib. Müşavirədə mühüm srateji məhsul olan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadə olunmasının, bu zaman növbəli əkin sisteminin üstünlüklərindən də geniş bəhs olunub.
Görüşdə dəmyə şəraitində taxıl bitkilərinin mütərəqqi becərmə texnologiyası, Elmi Tədqiqat Əkinçilik İnstitutunda dəmyə sahələr üçün yaradılmış yeni taxıl sortları barədə də geniş məlumat verilib, habelə alim və fermerlər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.