Azərbaycan, Bakı, 5 iyul /Trend/
İyunun 27-28-də İsveçrənin Bern şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 17-ci Baş Assambleyası keçirilib.
Azərbaycan Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Baş Assambleyanın rəsmi açılışında İsveçrənin maliyyə naziri Evelin Vidmer-Şlumpf, İsveçrə Federal Vergi Administrasiyasının rəhbəri Adrian Huq və İsveçrə Federal Vergi Administrasiyasının rəhbərinin müavini - IOTA-nın prezidenti cənab Samuel Tanner çıxış ediblər.
Baş Assambleyanın işində Azərbaycan Vergilər Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Assambleyada vergilər nazirinin müşaviri Ələkbər Məmmədov "Vergi ödəyicilərinin qanunsuz davranışlarının aşkar edilməsində sosial tərəfdaşlığın rolu" mövzusunda təqdimat edib. Təqdimatda Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, o cümlədən könüllü əməletmənin yüksəldilməsi, vergidən yayınma hallarının qarşısının alınması, vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin formalaşdırılması, bu istiqamətdə digər dövlət qurumları ilə əməkdaşlıq, "vergi dostları" layihəsi, yeni strateji hədəflər barədə ətraflı məlumat verilib.
Baş Assambleyanın inzibati sessiyasında Serbiya Vergi Administrasiyasının rəhbəri İvan Simiç 2013/2014-cü il üçün təşkilatın yeni prezidenti seçilib. Assambleyada, həmçinin növbəti bir illik müddət üçün IOTA-nın İcraiyyə Şurasına seçkilər keçirilib. Ölkəmizin İcraiyyə Şurasına üzvlüyünə namizədliyi irəli sürülüb və təşkilat üzvlərinin səs çoxluğu ilə Azərbaycan Vergilər Nazirliyi İcraiyyə Şurasına üzv seçilib.
Qeyd edək ki, Azərbaycan Vergilər Nazirliyi MDB ölkələri arasında IOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır. Təşkilatın əsas qərarverici və idarəetmə orqanı olan İcraiyyə Şurasına üzvlük Vergilər Nazirliyinin IOTA ilə əməkdaşlığının yeni mərhələsidir, həmçinin nazirliyin beynəlxalq əlaqələrinin inkişafı və nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Assambleyada Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Mətin Kərimli IOTA-nın icraçı katibi Miklos Kok tərəfindən "Baş əlaqələndirici şəxs qismində IOTA-ya verdiyi mühüm və dəyərli töhfələrə görə" IOTA-nın mükafatı ilə təltif edilib.
Assambleyanın işində 43 üzv ölkənin vergi orqanlarının, eləcə də 11 beynəlxalq və regional təşkilatın, o cümlədən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Valyuta Fondu (IMF), Avropa Komissiyası, Dünya Bankı, Amerika Ölkələrinin Vergi Administrasiyaları Mərkəzi (CIAT), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (ITIC) 150-dən çox nümayəndəsi iştirak edib.