Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Əliyev/
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının (RF) İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 8-də iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.
İqtisadi inkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl qonaqlar Bakı Biznes Mərkəzində Azərbaycanın iqtisadi uğurlarına həsr olunmuş sərgi ilə tanış olublar. Ş.Mustafayev son 10 ildə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurlar barədə İnquşetiya nümayəndə heyətinə geniş məlumat verib.
Sonra M.Çiliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə nazir Ş.Mustafayev Azərbaycanın RF, o cümlədən Şimali Qafqaz regionu ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini bildirib, dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu gün Azərbaycan qonşu Rusiyanın 83 federal subyektindən 71-i ilə uğurlu əməkdaşlıq edir. Bununla belə, əlaqələrin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər, biznes forumlar, işgüzar görüşlər təşkil edilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında RF-nin Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub, bu regionda yerləşən federal subyektlərlə əlaqələrin daha da genişləndirilməsi üçün müzakirələr aparılıb. Təsadüfi deyil ki, son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Bu gün aparılan müzakirələr, keçirilən biznes forum Azərbaycan və RF-nin regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.
M.Çiliyev RF-nin digər subyektləri kimi, İnquşetiyanın da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və İnquşetiyaya investisiya qoyuluşu imkanları barədə məlumat verib, azərbaycanlı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Azərbaycana səfəri çərçivəsində Baş nazir M.Çiliyevin başçılıq etdiyi nümayəndə heyəti Bərk məişət tullantılarının yandırılması və Bərk məişət tullantılarının çeşidlənməsi zavodlarında, "Green Tech" MMC-nin müasir istixana kompleksində, Gilan Tekstil Parkında və Sumqayıt Texnologiyalar Parkında olub. Rusiyalı qonaqlara qabaqcıl və müasir texnologiyaların tətbiq olunduğu istehsal və emal prosesləri, müəssisələrin texnoloji və ekoloji üstünlükləri və məhsulları barədə geniş məlumat verilib.