Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.Əliyev/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2003-2013-ci illərdə təxminən 2701 minə qədər insan işlə təmin olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazir Fizuli Ələkbərovun hakim Yeni Azərbaycan Partiyasının saytında yerləşdirilən müsahibəsində bildirilir.
"Hazırda 2011-2015-ci illəri əhatə edən proqramın icrası işləri davam etdirilir.
Bu sahədə aparılan məqsədyönlü dövlət siyasəti ölkənin əmək bazarında gərginliyin aradan qalxmasına səbəb olub və bu gün ölkədə işsizlik heç də kəskin bir problem kimi diqqəti cəlb etmir. Dövlət Məşğulluq Xidməti də ölkədə əhalinin səmərəli məşğulluğunun təminatına öz töhfəsini verməyə çalışmışdır. 2003-2013-ci illər ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 270 min nəfərədək işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilib, 30 mindən çox insan peşə hazırlığı kurslarına cəlb olunub".
Onun sözlərinə görə, kadrların hazırlanması məsələsi də daim diqqət mərkəzindədir.
Ələkbərov əlavə edib: "2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Naxçıvan şəhərində və Göyçay rayonunda Regional Peşə Tədrisi mərkəzləri istifadəyə verilib. Bu mərkəzlər müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili baxımından mühüm maddi-texniki baza rolunu oynayırlar".
Bundan əlavə, 2007-ci ildən etibarən Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin işlə təmin olunması üçün respublikada ilk dəfə olaraq ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri keçirilir.