...

Səlim Müslümov: Azərbaycanda qurulmuş pensiya təminatı modeli əməkhaqqının 65-70 faizini pensiya şəklində qaytarmaq iqtidarındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2013 12:59 (UTC +04:00)
Azərbaycanda qurulmuş pensiya təminatı modeli, hər bir şəxs işlədiyi dövrdə sosial sığorta haqlarının tam ödənilməsinə nail olarsa, ona aldığı əməkhaqqının 65-70 faizini pensiya şəklində qaytarmaq iqtidarındadır.
Səlim Müslümov: Azərbaycanda qurulmuş pensiya təminatı modeli əməkhaqqının 65-70 faizini pensiya şəklində qaytarmaq iqtidarındadır

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycanda qurulmuş pensiya təminatı modeli hər bir şəxsin işlədiyi dövrdə sosial sığorta haqlarının tam ödənilməsinə nail olacağı halda ona aldığı əməkhaqqının 65-70 faizini pensiya şəklində qaytarmaq iqtidarındadır. Trend-in məlumatına görə bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycanda 2003-2013-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılıb.

S.Müslümov vurğulayıb ki, vətəndaşın iş yerinin qeydiyyata alınması onun gələcək pensiya hüququ, əməkhaqlarının tam əks etdirilərək sosial sığortaya cəlb edilməsi, pensiya məbləği deməkdir. Buna görə də problemin həllində təkcə dövlət orqanları deyil, hər bir işləyən şəxs maraqlı və aktiv olmalıdır: "Fərdi hesaba toplanan məbləğlər hər il inflyasiyaya uyğun indeksləşdirilir ki, bu da sistemin sosial sığorta haqqı ödəyiciləri qarşısında etibarlılığının nümunəsidir. Digər tərəfdən, bunun ümumi pensiya artımı tədbirlərinə də birbaşa təsiri var. Çünki bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. İqtisadiyyatdan sosial sığorta haqları şəklində toplanan vəsaitlər yenidən pensiya ödənişləri kimi geri qaytarılmalı, yəni maliyyələşmələr əlavə mənfi fiskal təsirlər yaratmadan aparılmalıdır. Bu məqsədlə həm iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması vacib şərtdir".

DSMF sədrinin sözlərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında konkret tapşırıqlar vermişdi. Ötən dövr ərzində həmin tapşırıqların icrası məqsədilə ciddi tədbirlər görülmüş, müvafiq orqanların birgə əlaqəli fəaliyyəti təşkil olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Vergilər Nazirlyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində son bir il ərzində 570 mindən çox sığortaolunan əlavə qeydiyyata alınmışdır. Bu isə öz növbəsində fondun qeyri-büdcə daxilolmalarının həcminə öz təsirini göstərməkdədir:

"Lakin qeyd etdiyim kimi, bu prosesdə hər bir işləyən şəxsin fəal iştirakı da vacib şərtdir. Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir. Eyni zamanda, fondda quraşdırılmış xüsusi avadanlıq vasitəsilə avtomatdaşdırılmış sistemdə olan hər bir sığortaolunanın fərdi hesabındakı məlumatların zərfdə məktub şəklində çap olunaraq öz sahibinə çatdırılmasına da başlanılmışdır ki, fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti