...

İqtisadi inkişaf naziri Xızıda vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2013 17:49 (UTC +04:00)
İqtisadi İnkişaf naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu sentyabrın 7-də Xızı şəhərində keçirilmişdir.
İqtisadi inkişaf naziri Xızıda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend

İqtisadi İnkişaf naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu sentyabrın 7-də Xızı şəhərində keçirilmişdir.

İqtisadi İnbkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil edilmiş qəbulda nazir Şahin Mustafayev Sumqayıt, Abşeron, Xızı, Şuşa, Qubadlı və Zəngilandan olan vətəndaşların müraciət və təkliflərini dinləmişdir. İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi qəbulda vətəndaşların bir sıra məsələlər üzrə müraciətləri yerindəcə həll edilmişdir. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Ümumiyyətlə, qəbulda 40-a yaxın vətəndaş iştirak etmişdir. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və xidmət sahələrinin yaradılması, kənd yollarının tikintisi, işə qəbul və s. məsələlərlə bağlı müraciət etmişlər.

Qəbulda olan sahibkarlarla quşçuluq, heyvandarlıq, toxumçuluq təsərrüfatının genişləndirilməsi, istixanaların yaradılması, yeni texnologiyalara əsaslanan mebel istehsalı, turizm-sanatoriya sahələri üzrə layihələr müzakirə edilmiş və investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbul zamanı vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür.

Qeyd edək ki, İqtisadi İnkişaf nazirinin Xızıda vətəndaşları qəbul edəcəyi barədə ictimaiyyət əvvəlcədən məlumatlandırılmışdır. Belə ki, qəbula dair kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmiş, qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilmiş, İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi yaradılmış və bu bölmə vasitəsilə də vətəndaşların müraciətləri qeydiyyata alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti