Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
2013-cü ilin avqust ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 2,6 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,9 faiz aşağı düşüb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 6,6 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 1,0 faiz ucuzlaşıb, xam neft və təbii qaz hasilatı üzrə isə 2,9 faiz bahalaşıb.
Avqust ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 1,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,5 faiz, geyim istehsalı və kimya sənayesi üzrə 0,4 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3 faiz, mebel istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Tikinti məmulatlarının istehsalı üzrə 2,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 1,5 faiz, neft məhsullarının istehsali üzrə 1,1 faiz, poliqrafiya fəaliyyəti üzrə 0,5 faiz, qida məhsullarının istehsalı üzrə 0,4 faiz, içki istehsalı üzrə istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.