Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü il sentyabrın 6-da Qazax rayonunun Qazaxbəyli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Bu barədə çərşənbə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qazax rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir çörək zavodunun yaradılması;
- kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının və xalçaçılıq müəssisəsinin yaradılması.
Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]