Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir irihəcmli ödənişini həyata keçirib. Bu barədə Trend-ə çərşənbə axşamı şirkətdən məlumat verilib.
Şirkətin Marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, "PAŞA Həyat" tərəfindən sığortalı müəssisənin işçisi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib və bu sığorta hadisəsinə görə, şirkət tərəfindən sığorta olunmuş şəxsin ailəsinə 48,880 min manatdan çox birdəfəlik ödəniş edilib.
Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "PAŞA Həyat"da istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında (sonuncu ödəniş də daxil olmaqla) sözügedən sığorta növü üzrə 560 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 6,5 dəfə çoxdur. Təkcə, cari ilin sentyabr ayında istehsalatda bədbəxt hadisələr nəticəsində ölüm halları və digər xəsarətlərlə əlaqədar 102 min manatdan çox sığorta ödənişi edilib.
Xatırladaq ki, bu ilin 9 ayında şirkətin sığorta ödənişlərinin ümumi həcmi 640 min manat təşkil edir.
"PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Bu ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 19,312 mln. manat, ödənişləri isə 501 min manata yaxın olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.