Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Oktyabrın 14-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) 5 milyon manat dəyərində sənədsiz, təmin edilmiş, adlı, faizli istiqrazlarının yeddinci emissiyasının birinci tranşının yerləşdirilməsi başlayır.
BFB-dən Trend-ə verilən məlumata görə, hər bir istiqrazın nominal dəyəri 1 000 manat təşkil edir. İllik faiz dərəcəsi 3 faiz olan istiqrazlar satışa nominaldan 100 faiz qiyməti ilə çıxarılacaq. İstiqrazların tədavül müddəti 10 ildir.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində Azərbaycan Mərkəzi Bankı (AMB) çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər.