...

Azərbaycanda bu ilin 9 ayı ərzində 35 tona yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2013 17:04 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Hacıqabulda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans keçirilib.
Azərbaycanda bu ilin 9 ayı ərzində 35 tona yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün Hacıqabulda "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 34,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edən A.Əliyev 2013-cü ilin ötən dövründə istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 178 mindən çox bukletin, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 21 min yaddaş kitabçasının paylandığını diqqətə çatdırıb. Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi sahəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti