...

Bu ilin ötən dövründə sahibkarlara 245 milyon manatdan çox güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 15:30 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Qobustan rayonunun Cəyirlli kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbir keçirilib.
Bu ilin ötən dövründə sahibkarlara 245 milyon manatdan çox güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Qobustan rayonunun Cəyirlli kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə 43 sahibkarlıq subyektinə 494,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 70-dən çox yeni iş yerinin açılmasına imkan verir.

Tədbirdə iştirak edən sahibkarlarla Qobustanın iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, cins heyvandarlıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və digər metodiki materiallar təqdim edilib.

Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov bildirib ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 247,2 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 10 mindən çox iş yerinin yaradılmasına imkan verir.

Diqqətə çatdırılıb ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1035 investisiya layihəsinin maliyyələşdirilməsinə 39,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 4400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində dövlətin güzəştli krediti hesabına maliyyələşdirilmiş Qobustan rayonunda sahibkar Mirdaməd Qarayevə və sahibkar Ramiz Novruzova məxsus heyvandarlıq təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti