...

Almaniyanın Baden Baden şəhərində ənənəvi illik sığorta forumu başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 10:18 (UTC +04:00)
Almaniyanın Baden Baden şəhərində ənənəvi illik sığorta forumu başa çatıb. Oktyabrın 20-25 tarixlərində keçirilən sığorta forumuna dünyanın onlarla sığorta və təkrar sığorta şirkətləri qatılıb.
Almaniyanın Baden Baden şəhərində ənənəvi illik sığorta forumu başa çatıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Almaniyanın Baden Baden şəhərində ənənəvi illik sığorta forumu başa çatıb. Oktyabrın 20-25 tarixlərində keçirilən sığorta forumuna dünyanın onlarla sığorta və təkrar sığorta şirkətləri qatılıb. Bu barədə Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.

Toplantıda Azərbaycanı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX), Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA), İcbari Sığorta Bürosunun (İSB) və 15-ə qədər sığorta/təkrarsığorta şirkətlərinin rəhbərliyi və nümayəndələri təmsil edib.
Bunlar "AtaSığorta", "Atəşgah", "Atəşgah Həyat", "Azərbaycan Sənaye Sığorta", "Azərsığorta", "AzRe", "AzSığorta", "Buta Sığorta", "İPƏK YOLU SIĞORTA", "Mega Sığorta", "Paşa Həyat Sığorta", "Paşa Sığorta", "Qala Həyat", "Standard Insurance", "Xalq Sığorta" sığorta və təkrar sığorta şirkətləridir.

Forum çərçivəsində Azərbaycanın sığorta şirkətləri və sığorta qurumları xarici şirkət və qurumlarla çoxsaylı müxtəlif işgüzar görüşlər keçiriblər. Görüşlərdə yeni partnyorların tapılması, təkrar sığorta risklərinin ötürülməsi, Azərbaycan şirkətlərinin yeni bazarlara çıxması üçün beynəlxalq reytinqlər alması, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılıb.

Sığorta Forumunda Azərbaycanın İcbari Sığortalar Bürosu tərəfindən ölkəmizin "Yaşıl Kart" beynəlxalq sığorta sisteminə qoşulması da müzakirə edilib.

Oktyabrin 20-də Baden Baden forumu çərçivəsində ilk dəfə olaraq Azərbaycan Gecəsi keçirilib. Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Baden Badenin ən gözəl tarixi binalarının birində baş tutan tədbirdə Avropanın demək olar ki, bütün ölkələrini təmsil edən 187 qonaq iştirak edib. Azərbaycan Gecəsində Azərbaycanın sığorta bazarı ilə bağlı təqdimat keçirilib. Tədbir iştirakçılarına ölkənin sığorta bazarının inkişafı, bazarın həcmi, sığorta şirkətlərinin fəaliyyəti və digər göstəricilər barədə geniş məlumat verilib. Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxinin təamları ilə də tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti