Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Əliyev/
Azərbaycanda "Maliyyə savadlılığı" aylığı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) İnkişaf şöbəsinin müdiri Asif Cahangirov deyib.
Onun sözlərinə görə, əhalinin maliyyə savadlılığının artırılması AMB-nin strateji məqsədlərindən biridir: "Qlobal iqtisadi böhran bunun əhəmiyyətini o qədər artırıb ki, bu problem dünyanın qabaqcıl maliyyə institutlarının diqqət mərkəzinə düşüb. Maliyyə savadlılığı dünyada müasir uşaq təhsilinin komponentlərindən birinə çevrilib".
A.Cahangirov qeyd edib ki, ötən il AMB-nin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Əmanət Günü qeyd edildi: "Həmin vaxt tədbirdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və 4 kommersiya bankı iştirak edib. Cari il bankların sayı 9-dək artıb. Bu tədbirə artan marağı nəzərə alaraq, biz bir günlə məhdudlaşmamaq və noyabr ayı ərzində "Maliyyə savadlılığı" aylığı keçirmək qərarına gəldik".
Onun sözlərinə görə, cari ildə layihənin hədəfində olan auditoriya məktəblilər və gənc ailələr olacaq:
"Ölkə banklarının nümayəndələri Bakının 15, regionun isə 11 məktəbində olacaqlar. Onlar məktəblərdə adıçəkilən mövzu üzrə maarifləndirici tədbirlər, yarış və viktorinalar keçirəcəklər. Bundan başqa, banklar tərəfindən "Açıq qapı" gününün keçirilməsi nəzərdə tutulur. Bu zaman filial işçiləri iştirakçılara bankların iş prinsipləri və digər aspektlər haqqında məlumat verəcəklər".