Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Əliyev
"Maliyyə savadlılığı aylığı" çərçivəsində ölkə bankları tərəfindən həyata keçirilən tədbirlərdə 10 mindən artıq şəxs iştirak edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzinin İnkişaf Departamentinin direktoru Asif Cahangirov bildirib.
A.Cahangirov qeyd edib: "AMB artıq ikinci ildir ki, ölkənin kommersiya bankları ilə birlikdə 31 oktyabrda qeyd olunan Beynəlxalq Əmanətlər Gününə həsr edilmiş tədbir keçirir. Bu il bir günlə kifayətlənməməyi və bütün noyabr ayını əhalinin maliyyə savadlılığının artırılması ilə bağlı müxtəlif tədbirlərə həsr etməyi qərara aldıq".
Onun sözlərinə görə, maarifləndirmə işlərinin aparılmasında əsas diqqət ölkə regionlarına və məktəblilərə ayrıldı.
Departament direktorunun sözlərinə görə, AMB ölkənin 9 bankının və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri 38 məktəbdə olublar ki, həmin təhsil müəssisələrində üç minə yaxın uşaq üçün treninqlər keçirilib, eləcə də şagirdləri, onların valideynlərini və müəllimləri maraqlandıran suallara cavab verilib. Bankların Bakıda və Abşeron yarımadasındakı 25 filialında "Açıq qapı günləri" keçirilib.
Belə aksiyalara artan marağı qeyd edən A.Cahangirov əlavə edib ki, bütün ay ərzində "Kreditlər üzrə faiz dərəcələrinin faktiki kalkulyatoru" xüsusi mobil əlavəsinin yerləşdirilməsindən sonra bir ay ərzində 500-dən çox şəxs həmin əlavədən istifadə edib.