...

Mərkəzi Bank "Amrahbank"a nağdsız ödənişlər sahəsində fərqləndiyinə görə təşəkkür məktubu verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2014 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

14 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankında "Nağdsız ödənişlər üzrə lider bank" və "Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyaları üzrə stimullaşdırıcı kampaniyanın təqdimat mərasimi keçirilib.

Hamıya məlumdur ki, artıq plastik kartlar müasir dünyamızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Onlardan geniş istifadə nəticəsində nağd hesablaşmalar getdikcə ikinci plana keçməkdədir.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev müasir cəmiyyətdə nağdsız ödəniş sisteminin inkişafını yüksək mədəniyyət göstəricisi, şəffaflığın təmin olunması və iqtisadi fəallığın dəstəklənməsinin mühüm elementlərindən biri kimi qeyd edib.

A.Qasımov öz çıxışında nağdsız ödənişlərin artırılmasının prioritetləşməsi, Mərkəzi Bank tərəfindən ödəniş infrastrukturunun yaradılması, inkişafı və istifadəsinin kütləviləşdirilməsi istiqamətində davamlı olaraq həyata keçirilən müxtəlif layihələrdən bəhs edib. Eləcə də Milli Ödəniş Sisteminin yaradılması nəticəsində ölkəmizdə nağdsız dövriyyənin həcminin əhəmiyyətli dərəcədə artmasını xüsusilə vurğulayaraq, son zamanlarda dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və "elektron hökumət" quruculuğunun inkişaf etdirilməsi məqsədilə görülmüş işlər, qarşıda duran digər vəzifələr haqqında ətraflı məlumat verib.

"Nağdsız ödənişlər üzrə lider bank" və "Elektron bankçılıq xidmətlərində lider bank" nominasiyaları üzrə keçirilən tədbirin sonunda qalib və təltif edilən bankların siyahısı elan olunub. A.Quliyev iştirak edən bütün banklara bu istiqamətdə görülmüş işlərə və birgə əməkdaşlığa görə bir daha təşəkkür edib.

Tədbirdə kampaniya çərçivəsində nağdsız ödənişlər sahəsində fərqlənmiş banklara, o cümlədən "Amrahbank"a da təşəkkür məktubu təqdim olunub.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filial şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti