...

Azərbaycan-Tacikistan iqtisadi-ticari əməkdaşlıq üzrə birgə komissiyasının növbəti iclası Düşənbədə keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Baş naziri Kaxor Rasulzoda ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsinin siyasi münasibətlərimizə mütənasib olmadığını bildiriblər. Qeyd ediblər ki, hidroenergetika, sənaye, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün böyük potensial var. Azərbaycan bu sahələrdə böyük təcrübəyə malikdir.

Baş nazir Tacikistan tərəfinin iki ölkənin özəl sektorları arasında əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, iki ölkə arasında imzalanmış 32 hökumətlərarası sənədin dövlət sektoru ilə yanaşı, özəl sektorda da qarşılıqlı olaraq fəaliyyət göstərməyə imkan yaratdığını söyləyib.

K.Rasulzoda ötən il keçirilmiş konsert proqramlarını xatırlayıb və ikitərəfli əlaqələri məhz mədəni əlaqələrlə möhkəmlətməyə yönəlmiş addımın çox təqdirəlayiq olduğunu və bu mədəni proqramların davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş zamanı səfir A.Həsənov bu il Azərbaycan və Tacikistan hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq üzrə birgə komissiyanın iclasının Düşənbə şəhərində keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib və bildirib ki, iclas əsnasında Azərbaycanda istehsal edilən məhsulların Tacikistanda sərgi-satış yarmarkasının keçirliməsi planlaşdırılır.

Səfir elm və təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. A.Həsənov bu il də Tacikistanın paytaxtı Düşənbə şəhərində, eləcə də ölkənin bütün vilayətlərində mədəni tədbirlərin təşkil ediləcəyini həmsöhbətinin diqqətinə çatdırıb.

Görüşdə tərəflər Düşənbə-Bakı birbaşa hava reysinin bərpasının məqsədəuyğunluğu məsələsini də müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti