...

Yerli biznes ictimaiyyətinin dünyanın ən qabaqcıl marketinq dahilərini dinləmək və onlarla ünsiyyətdə olmaq şansı olacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2014 14:36 (UTC +04:00)
“Marketing Kingdom Bakı 2”: Yerli biznes ictimaiyyətinin dünyanın ən qabaqcıl marketinq dahilərini dinləmək və onlarla ünsiyyətdə olmaq şansı olacaq.
Yerli biznes ictimaiyyətinin dünyanın ən qabaqcıl marketinq dahilərini dinləmək və onlarla ünsiyyətdə olmaq şansı olacaq  (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Mediadan bildiyiniz kimi, regionun ən böyük marketinq tədbirinin başlamasına yalnız bir neçə gün qalıb. Biz aprelin 10 və 11-də "Fairmont" otelində baş tutacaq, "Marketing Kingdom Baku"-nun ikinci tədbirindən danışırıq. Trend.az öz oxucularına tədbir barədə son məlumatları çatdırmaq üçün tədbirin təşkilatçıları P World, Nar Mobile və Paşa Bank ilə müsahibə təşkil etdi.

- Regionun ən mühüm marketinq tədbiri haqqında danışmaq çox həyəcanlıdır. Tədbirin konsepti haqqında bizə nə deyə bilərsiniz?

Lavinia Iosub, P World Ölkə Meneceri: Bu, həqiqətən çox maraqlıdır. Bu ilki tədbir, keçən ilki - Marketing Kingdom Bakının birinci tədbirinin çox uğurlu olduğunu sübut edən ikinci tədbiridir. Konsept bir neçə digər Avropa ölkələrində olduğu kimidir: Əsas məqsəd yerli marketinq ictimaiyyətini qabaqcıl marketinq trendləri haqqında məlumatlandırmaq, dünyanın ən qabaqcıl marketinq dahiləri ilə və eyni zamanda bir-biri ilə əlaqələndirməkdir . Biz həmçinin, tədbirin Azərbaycanda illik ənənə halına çevrilməsinə şadıq.

- Keçən ilki çıxışlar üçün London Olimpiyadası, LEGO, Henkel, Coca-Cola və digər bu kimi tədbirlərin və şirkətlərin Baş Menecerlərini dəvət etmişdiniz. Bu ilki məruzəçilər kimlərdir ?

Lavinia Iosub, P World Ölkə Meneceri: Biz bu dəfə də xüsusi məruzəçilər siyahısına malikik. Bu siyahıya Korporativ Əlaqələr üzrə dünyanın ən nüfuzlu Menecerlərindən sayılan, 2 ABŞ prezidenti ilə işləmiş,, BP America, Royal Dutch Shell, Lehman Brothers, HSBC kimi şirkətlərdə və David Cameron və ya Böyük Britaniyanın Əlahəzrət Kraliçası kimi yüksək mənsəb sahibləri ilə çalışmış Mary Jo Jacobi; PepsiCo şirkətinin Marketinq şöbəsinin rəhbəri Sebastian Micozzi; Diageo, Philips və TomTom kimi şirkətlərin keçmiş və MPERA şirkətinin hazırki Brend Əlaqələri Bölmələrinin Rəhbəri, Hubert Grealish; Rolls Royce şirkətinin Vitse Prezidenti Richard Beaumont və şahzadə Diananın keçmiş şəxsi katibi Patrick Jephson daxildir. Məruzəçilərin tam siyahısı və tədbirin tam gündəliyi ilə bağlı veb səhifəmizə -www.thepworld.com müraciət edə bilərsiz.

- Keçən illə müqayisədə bu tədbir necə yadda qalacaq?

Lavinia Iosub, P World Ölkə Meneceri: Tədbir mühüm dərəcədə inkişaf etdirilmiş, yuxarıda təsvir edilən eyni konsepsiyaya əsaslanır: Auditoriyaya öz çətinlikləri ilə bağlı ünvanlı suallar vermək üçün hər iki təqdimatdan sonra panel müzakirə əlavə edilmişdir. Eləcə də yeni məruzəçilər dəvət olunmuşdur. Onlar burada heç vaxt olmamışlar və bu, onları ilk dəfə Azərbaycanda qarşılamaq üçün yaxşı imkandır. Biz həmçinin "marketinq həftəsi" konsepsiyasını inkişaf etdirmişik. Bu il biz iki tam günlük korporativ təqdimatlarımızla yanaşı, ayın 8-9-u Azərbaycan Diplomatiya Akademiyasında P World və onun sponsorları adından KSM (Korporativ Sosial Məsuliyyət) fəaliyyəti kimi tələbələrin iştirakı ilə tamamilə pulsuz keçiriləcək tədbir də təşkil edirik; bizim "Golden Crown" Marketinq Mükafatları - Azərbaycanda marketinqdə mükəmməlliyi mükafatlandıran ilk beynəlxalq müsabiqəmiz və eləcə də, tərəfdaşlarımız üçün xüsusi korporativ sessiyalarımız var.

- Artıq məruzəçilərin kim olacağını bilirik, bizə iştirakçıların nə haqqında öyrənəcəyi və ya eşidəcəyi barədə bir neçə nümunə verə bilərsiniz?

Lavinia Iosub, P World Ölkə Meneceri: Sessiyalar 2 gün ərzində 12 məruzəçi ilə reallaşacaq, belə ki, diqqətli və fəal iştirakçı çox şey öyrənə bilər. Bir neçə nümunə desək, nümayəndələr necə 70 ölkədə 1 milyard insana çatacaq marketinq planının yaradılması (Pepsi), cəlbedici və uğurlu sosial media strategiyası olan məzmunun yaradılması (Mads Holmen, AOL), qlobal markanın nə olduğu və ya təchizat zəncirini istifadə edərək brend dəyərinin necə artırılması (Rolls-Royce) haqqında məlumatlanacaqlar. Orada iştirakçıları öz strategiyalarını təklif etməyə ruhlandıran qabaqcıl ideyalar olacaq. Bu ideyalar təkrarlana və ya inkişaf etdirilə bilər. Konfransın çox əhəmiyyətli hissələrindən biri nüfuz haqqında olacaq və bu hissədə bu sahə üzrə dünyanın ən qabaqcıl mütəxəssislərdən sayılan Mary Jo Jacobi öz təcrübəsini bölüşəcək. O, insanlara nüfuz ətrafında bir düşüncə formalaşdırmaqda çox yaxşı kömək edir - bu, sizin sonuncu və ən parlaq mesajınız haqqında deyil, bu, insanların təmasda olduğu brend reallığı haqqındadır. Məsələn, onun fikirlərindən biri: "sizin nüfuzunuz müştərinizə ən zəif filialınızın ən zəif müştəri xidmətləri işçisinin ən kefsiz günündə göstərdiyi xidmət səviyyəsinin gücündədir". Deyəsən artıq çox infomasiya bölüşdüm. Bildirdiyimiz kimi, tədbirin tam gündəliyini veb səhifəmizdə yoxlaya bilərsiz.

- İndi sponsorlar üçün bir sual, "Marketing Kingdom" konfransının sponsorluğunu öz üzərinə götürərkən "Nar Mobile" hansı meyarları əldə rəhbər tutub?

Max Fyodorov, CMO, Nar Mobile: Bu gün Azərbaycan iqtisadiyyatı yüksək templə inkişaf edir. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı ictimai həyatın müxtəlif sahələrində uğur əldə etmək üçün böyük əzmkarlıq nümayiş etdirir. Hərtərəfli inkişaf amili ölkənin həm iqtisadi, həm də mədəni həyatında özünü büruzə verir. Məhz bu səbəbdən, bu cür mötəbər konfransın sponsorluğunu öz üzərimizə götürərkən, biz ilk növbədə tərəqqi və inkişaf yolunu tutmuş Azərbaycanın bir parçası olmaq niyyətimizi bir daha ortaya qoyduq. Bu tədbir marketinqin inkişafı, bazar münasibətlərinin formalaşması və beynəlxalq marketinq təcrübəsinin mənimsənilməsi kimi vacib məsələləri əhatə edən aktual mövzuların müzakirə ediləcəyi böyük bir görüş olacaqdır. Marketoloqlar üçün bir növ təlim xarakteri daşıyacaq konfrans çərçivəsində marketinq sahəsi mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılacaq, reklam siyasəti və uğurlu biznesin yeni texnologiyaları öyrəniləcək. Dünyanın müxtəlif yerlərindən gələn tanınmış marketoloqlar öz uğurlu təcrübələrinin sirr və incəliklərini iştirakçılarla bölüşəcəklər. Deyə bilərəm ki, bütün bunlar dünya iqtisadiyyatının qloballaşdığı bir dövrdə böyük əhəmiyyət kəsb edir. Deməli, bu cür tədbirlər bizim diqqətimizdən yayınmamalıdır və qarşısına böyük hədəflər qoyan şirkətlər belə konfranslarda iştirak etməklə kifayətlənməməli, onların təşkil olunmasında bilavasitə yaxından iştirak etməlidirlər. Konfransın Azərbaycanda müasir marketinqin inkişafına töhfə verəcəyindən və yerli şirkətlərə düzgün və məsuliyyətli marketinq təcrübəsini inkişaf etdirərək tətbiq etmələrinə təkan verəcəyindən qətiyyən şübhəm yoxdur.

Sona Abbasova, PAŞA Bank Korporativ Əlaqələr üzrə Direktoru: İlk növbədə, Marketing Kingdom Bakı keçən il böyük bir uğur əldə etmişdi. Bizim üçün PAŞA Bankı Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə çalışan bir maliyyə institutu kimi mövqeləndirməyə mükəmməl imkan idi. Neft və qaz iqtisadiyyatının diversifikasiyası Azərbaycan siyasətçiləri üçün əsas prioritetlərdən biri olmuşdur. Qeyri-neft sektorunun inkişafı üçün nəzərdə tutulan dövlət proqramları və qaydalar Azərbaycanda KOM (Kiçik və Orta Müəssisələr) sektorunu gücləndirir. İstənilən iqtisadiyyatın əsası olan KOM sektorunda bazar payını artırmağa çalışan bank kimi, biz şirkətlərə öz bizneslərində inkişafı davam etdirmək üçün müasir marketinq və satış üsulları tətbiq etməyə kömək edən Marketing Kingdom kimi təşəbbüsləri həmişə dəstəkləyəcəyik.

- Konfransdan ən böyük gözləntiniz nədir?

Max Fyodorov, CMO Nar Mobile: "Nar Mobile" yarandığı ilk gündən keçən yeddi il ərzində daima göstərdiyi xidmətləri daha da mükəmməlləşdirməklə öz abunəçilərini ən sərfəli rabitə ilə təmin etmiş və ölkənin ən yüksək templərlə inkişaf edən mobil operatoru olmağı bacarmışdır. Bizim üçün keyfiyyət anlayışı sadəcə mükəmməl rabitə şəbəkəsi və yüksəksəviyyəli xidmətlə məhdudlaşmır. Abunəçilərə xidmət göstərən ticarət nişanımızın əldə rəhbər tutduğu standartlar və prinsiplər bizim üçün çox önəmlidir. Hesab edirik ki, marketinq anlayışı özünün funksional mahiyyətindən daha çox şey ifadə etməlidir. Azərbaycanın mədəniyyəti və adətlərinə son dərəcə bağlı olan "Nar Mobile" xalqa xidmət göstərərkən əsasən mənəvi dəyərləri və ümummilli idealları tərənnüm edir. İnandığımız dəyərlər bizə hədəfimizə çatmaqda yardım edir. "Marketing Kingdom" isə uzunmüddətli və qısamüddətli planlarımızın reallaşdırılması üçün bizə əlavə imkanlar yaradacaq. Missiyamız məqsədimizin ən bariz ifadəsidir: biz insanları biri-birinə və dünyaya birləşdiririk.

Sona Abbasova, PAŞA Bank Korporativ Əlaqələr üzrə Direktoru: Azərbaycan şirkətləri xüsusilə istehsal və xidmət sahəsində, həqiqətən, sürətli inkişaf edir. Lakin irəli hərəkət etmək üçün əsas yol müştərilərin ehtiyac duyduğu məhsulu necə satmağı, onları necə cəlb etməyi, istehsal etdiyiniz və ya təklif etdiyiniz məhsula necə inandırmağı öyrənməkdir. Bu, mütəxəssislər komandasını bu işə yönləndirən böyük şirkətlər ilə daha asandır. Lakin, böyük marketinq komandalarını saxlamaq üçün resursları olmayan kiçik şirkətlər haqqında danışan zaman dünyanın ən yaxşı marketinq peşəkarlarını bir araya gətirən belə tədbirlər sadəcə çox qiymətlidir. Digər tərəfdən yadda saxlamaq lazımdır ki, Azərbaycan regionun iqtisadi liderinə çevrilir ki, Azərbaycan şirkətləri üçün Azərbaycandan kənarda geniş imkanlar açılır. Beləliklə müasir satış və marketinq istiqamətlərini öyrənmək regionda daha da inkişaf etmək, marketinq strategiyaları tərtib etmək və uğurlu olmaq istəyən şirkətlərə kömək ola bilər.

- Yerli marketinq cəmiyyətinə nə məsləhət görərdiniz?

Lavinia Iosub, P World Ölkə Meneceri: İlk növbədə, əgər onlar hələ də qeydiyyatdan keçməyiblərsə, keçməyi məsləhət görərdim, çünki bugün biletləri almaq üçün sonuncu gündür və məhdud sayda yer qalıb. Yox əgər marketinq cəmiyyətinin əksəriyyətinin elədiyi kimi artıq qeydiyyatdan keçiblərsə,o zaman bu iki günü çox yaxşı dəyərləndirməlidirlər - suallar vermək, başqa şirkətlərdən həmkarları və məruzəçilər ilə əlaqə yaratmaq (mənim məsləhətim onlara fasilələrdə yaxınlaşmaqdır və onlar iştirakçılarla ünsiyyətdə olmağı xoşlayırlar), şirkətinizdə olan problemlərə hazır həllər gözləməyin - sizi düşünməyə, əlaqələr yaratmağa, öz strategiyalarınızı təklif etməyə ruhlandıran ideyalar gözləyin. Qısacası, bu, qlobal tədbirlərin gözəlliyidir və biz ondan 100 % yararlanmalıyıq.

Tədbir haqqında daha ətraflı məlumat üçün zəhmət olmasa sayta daxil olun:

http://www.thepworld.com/pevents/event/64/marketing-kingdom-baku-2 .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti