...

Azərbaycanda emal sənayesi üzrə istehsalçı qiymətləri 0,4 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

2014-cü ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1 faiz artıb, emal sənayesi üzrə isə 0,4 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin aprel ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 6,3 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 3,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 5,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,1 faiz, maşın və avadanlıqlardan başqa hazır metal mımulatlarının istehsalı üzrə 3,8 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı və mebel istehsalı üzrə 0,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, geyim istehsalı üzrə 0,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz ucuzlaşıb, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,6 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, metallurgiya sənayesi üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 1,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,1 faiz, kimya sənayesi üzrə 1,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, kağız və karton istehsalı üzrə isə istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti