Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:16-da yayılıb)
Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.Əliyev/
Azərbaycanın inkişafı region ölkələri üçün nümunə ola bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fransa Prezidenti Fransua Olland Bakıda Azərbaycan-Fransa biznes forumunda çıxış edərkən bildirib.
Fransa Prezidenti qeyd edib: "Mən ilk olaraq siyasi və digər mühüm məsələləri müzakirə etmək niyyətində idim, lakin eyni zamanda, ikitərəfli əməkdaşlığın perspektivləri və yeni istiqamətləri də ən mühüm məsələlərdən biridir. Biz qarşılıqlı əməkdaşlığın daimi inkişafına töhfə verə biləcək strategiya müəyyən etməliyik".
F.Ollandın sözlərinə görə, Azərbaycanın inkişafı adi gözlə görünür: "Azərbaycan xeyli sayda uğurlara nail olub. Siz enerji, eləcə də nəqliyyat, inşaat sektorlarına, infrastrukturun inkişafına investisiyalar cəlb edə bilmisiniz ki, bu da bütün regiona və hətta bütün dünyaya nümunə ola bilər. Biz bu inkişafın mənbələrini daha səmərəli etməyə və neft-qaz resurslarından maksimum rasional istifadə etməyə çalışırıq".
Dövlət başçısı vurğulayıb ki, Fransa öz qarşısına sənayenin gələcək perspektiv sahələri və istiqamətlərinin müəyyən edilməsi vəzifəsi qoyacaq: "Bizim vəzifəmiz hansı sahənin sabahkı günün sahəsi və ya lider sahə olacağını müəyyən etməkdir. Tərəfimizdən 4-5 oxşar perspektiv istiqamət üzrə layihələr hazırlanıb və biz həmin layihələri dost ölkələrlə əməkdaşlıqda reallaşdırmaq niyyətindəyik. Eyni zamanda, Fransa, xüsusilə Azərbaycan kimi gənc və inkişaf etməkdə olan ölkələrlə uzunmüddətli əməkdaşlığın qurulmasına köklənib".
Fransa Prezidentinin sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələri yüksək səviyyədədir: "Ölkələrimiz arasında xarici ticarət dövriyyəsi ötən il ərzində ikiqat artıb və Azərbaycanın xarici ticarətinin ümumi həcminin təxminən 4 faizini təşkil edir. Fransa Azərbaycana öz məhsullarını tədarük edən yeddinci ölkədir. Hesab edirəm ki, biz artıq qarşıya qoyduğumuz hədəflərə çatmışıq, lakin yeni uğurlara da nail ola bilərik. Fransa Azərbaycana həm ixracın həcmlərini, həm də Azərbaycan mallarının idxalını artırmalıdır. Bu, həm də təkcə enerji sektorunun hesabına baş verməməlidir".
F.Olland qeyd edib ki, hər iki tərəf nazirliklər səviyyəsində Azərbaycan və Fransanın daha çox xeyir götürəcəkləri sahələri müəyyən etməlidir "Hesab edirəm ki, belə istiqamətlərdən biri, şübhəsiz ki, energetika olacaq".
Dövlət başçısı bildirib ki, Azərbaycan enerji strategiyasını həyata keçirir. Strategiyanın əsas məqsədlərindən biri Avropanın enerji təhlükəsizliyinin təminatına töhfə verməkdir: "Buna görə də mən "GDF Suez" və "Total" şirkətlərini "Abşeron" yatağında fəaliyyəti dərinləşdirməyi davam etdirməyə çağırdım. Bu şirkətlər investisiya həcmlərini artırmağa hazırdırlar və bunu etməyə qadirdirlər".
Onun sözlərinə görə, Fransa Azərbaycan kimi iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib, çünki ərazisində xeyli enerji resursları yoxdur: "Fransa müəssisələri bu sahədə öz texnologiyalarını ölkənizlə bölüşməyə hazırdır. Fransa, həmçinin atom enerjisindən dinc məqsədlə istifadə sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır".
Kosmik sahədə iki ölkənin əməkdaşlığından bəhs edən Fransa Prezidenti Azərbaycanın birinci telekommunikasiya peykinin buraxılması layihəsi çərçivəsində uğurlu Azərbaycan-Fransa qarşılıqlı fəaliyyətini vurğulayıb: "Əminəm ki, bu layihə mövcud sahədə gələcək uğurlu əməkdaşlığın əsasını təşkil edir, çünki həmin layihə sayəsində bütün telekommunikasiya sektoru inkişaf edəcək".
Fransanın dövlət başçısı əlavə edib ki, Bakı yenilənmiş və müasir şəhərə çevrilib: "Mən şəhərlə tanış olmaq imkanı tapdım və onun inkişafını öz gözlərimlə gördüm. Bu yaxınlarda sənaye, liman zonası turizm məkanına çevrildi. Orada 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsini qəbul etmiş böyük arena yerləşir. Arenada böyük mədəniyyət tədbirləri keçirilə bilər. Bu, şəhərin inkişaf qabiliyyətini, onun inkişaf sürətini göstərir. Fransa şəhərsalma, nəqliyyat, məişət tullantılarının utilizasiyası, müasir texnologiyaların tətbiqi, çirkab suların təmizlənməsi sahələrində kifayət qədər təcrübəyə və yeniliklərə malikdir və ölkənizdə bu istiqamətlərin inkişafına töhfə verməyə hazırdır".
Prezident qeyd edib ki, Fransa şirkətləri bir sıra layihələr üzrə Azərbaycanda artıq fəal işləyirlər: "Bakı Azərbaycanda yeganə şəhər deyil və Fransa digər şəhərlərin inkişafında təcrübəsini bölüşməyə hazırdır".
F.Olland əməkdaşlığın perspektiv sahələrdən biri kimi kənd təsərrüfatını göstərib: "Azərbaycanın kənd təsərrüfatında öz ənənələri var, ölkə yüksək keyfiyyətli məhsullar istehsal edir. Heyvandarlıq və digər sahələr də yüksək inkişaf edib. Fransa şirkətləri bu sahədə Azərbaycan tərəfdaşları ilə əməkdaşlıq etməyə başlayıblar və xüsusilə, heyvandarlıq sahəsində təcrübə mübadiləsi aparmağa hazırdırlar".
Onun sözlərinə görə, Azərbaycan qarşısına turizm mərkəzinə çevrilmək məqsədi qoyub: "İki gündür Azərbaycandayam və təsdiq edə bilərəm ki, bunun üçün bütün imkanlar var. İnkişaf üzrə təsisat, ambisiyalar var və biz kömək etməyə hazırıq. Mədəniyyət və idman sahələrini də qeyd etmək istəyirəm. Fransa hesab edir ki, mədəniyyət təkcə dəyər deyil, həm də cəmiyyətin azadlığını və xoşbəxtliyini təmin edən əsas prinsipdir. Azərbaycan öz seçimini edib və bu sahəyə investisiya yatırır. Luvrda İslam mədəniyyəti şöbəsinin açılışını buna misal çəkə bilərəm".
Dövlət başçısı mədəniyyət sahəsində Azərbaycan-Fransa əməkdaşlığının sürətlənməsinə və inkişafına böyük töhfə verən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu qeyd edib: "İdmana gəlincə, ölkəniz yaxın gələcəkdə bir sıra iri tədbirlərə ev sahibliyi edəcək və Fransa bütün lazımi dəstəyə hazırdır".
F.Ollandın sözlərinə görə, adətən bir səfər növbəti səfərə səbəb olur: "Lakin bu səfər bir sıra iri müqavilələrin imzalanmasına və gələcəkdə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxaracaq".
Fransa Prezidenti ümid etdiyini bildirib ki, tərəflər uzunmüddətli fəaliyyətin mümkün istiqamətlərinin axtarışını davam etdirəcəklər: "Bir daha qeyd edim ki, biz hazırda əməkdaşlığın ilkin mərhələsindəyik. Hər iki tərəf birgə inkişaf strategiyasını hazırlaya bilər və biz yaxın illərdə onun işlənməsinə başlaya bilərik".