...

Azərbaycanda sənayenin qeyri-neft sahələrində istehsalın həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2014 10:27 (UTC +04:00)
2014-cü ilin yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 11,0 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Azərbaycanda sənayenin qeyri-neft sahələrində istehsalın həcmi artıb

Azərbaycan, Bakı, 15 may /Trend/

2014-cü ilin yanvar-aprel aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 11,0 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənaye məhsulunun 72,5 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 14,1 milyon ton neft, 6,1 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 20,8 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 4,3 faiz üstələyib, neft-qaz sektorunda isə 2,9 faiz azalıb.

Ümumi sənaye istehsalının 93,3 faizi malların (əmtəələrin), 6,7 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti