Azərbaycan, Bakı, 15 may /Trend/
Bakıda "The Business Year: Azerbaijan - 2014" nəşrinin təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən Abdulbari Goozal Azərbaycanda bütün sahələrində olduğu kimi jurnalistikada da böyük inkişafın nəzərə çarpdığını bildirib.
O, vurğulayıb ki, ölkədə nəşr olunan bəzi mətbu orqanlar artıq ölkə xaricində də yayımlanır ki, bu da çox sevindirici haldır və böyük uğurdur.. Abdulbari Goozal Azərbaycanda yerli məhsullarının markalaşmasının "Azərçay"dan başladığını söylədi və "Sun Tea" çay fabrikinin açılışı zamanı Ümumilli Lider Heydər Əliyev ilə yaşanan xatirələri bölüşdü.
Tədbir çərçivəsində mükafatlandırılan azsaylı şirkətlərin arasında "Azərsun Holdinq" də olub. "Azərçay" çayının, "Bizim Tarla" kompotlarının, "Supersun" və "Final" yağlarının, "Supersun" mal əti konservlərinin və "Azərsun" istehsalı olan digər məhsulların xarici bazarlara çıxarılaraq əcnəbi istehlakçıların rəğbətini qazanması beynəlxalq nəşr olan "The Business Year"ın da diqqətindən yayınmayıb. Beləliklə hər zaman istehsal etdiyi keyfiyyətli məhsullar ilə həm ölkə daxilində, həm də xarici bazarlarda çox yüksək qiymətləndirilən "Azərsun Holdinq"in İdarə Heyətinin rəhbəri Abdulbari Goozala adıçəkilən nəşr tərəfindən "İlin ixracatçısı" mükafatı təqdim edildi.
Təqdimat mərasimində "The Business Year" şirkəti Azərbaycanın birinci xanımı, Mehriban Əliyevanı Azərbaycan Respublikasının ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə dünyada "İlin Birinci Xanımı" elan etdi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova isə "Azərbaycanın milli maraqlarının təbliğinə görə "Vətənpərvərlik" mükafatı (Patriotism Award of Promotion of National Interest təqdim edilib.