...

Bakıda I Avropa Oyunlarına xidmət edəcək nəqliyyatın maneəsiz hərəkəti üçün xüsusi zolaqlar ayrılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 15:27 (UTC +04:00)
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində təxminən 1 milyon tamaşaçının olacağı proqnozlaşdırılır, Oyunların xidmət personalının sayı isə 35 min nəfər təşkil edəcək və onların hamısı ictimai nəqliyyatdan istifadə edəcək.
Bakıda I Avropa Oyunlarına xidmət edəcək nəqliyyatın maneəsiz hərəkəti üçün xüsusi zolaqlar ayrılacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.İsmayılov/

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində təxminən 1 milyon tamaşaçının olacağı proqnozlaşdırılır, Oyunların xidmət personalının sayı isə 35 min nəfər təşkil edəcək və onların hamısı ictimai nəqliyyatdan istifadə edəcək.

Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən "Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Bakı - 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin rəhbəri Panayotis Protopsaltis deyib.

Onun sözlərinə görə, yarışlar 17 idman obyektində keçiriləcək. Bundan başqa, 7 yarış avtomobil yollarında keçiriləcək. Digər tərəfdən, qonaqların hotel və sair obyektlərə çatdırılması planlaşdırılır.

P.Protopsaltis qeyd edib ki, bütün bunlar nəqliyyatın böyük həcmdə iş görməsini tələb edir. O, Bakıda nəqliyyatın hərəkətinin təmin edilməsinin zəruriliyini vurğulayıb. Avtomobil tıxacları, piyadaların hərəkəti, qanunsuz parklama, peşəkar sürücü çatışmazlığı kimi problemlərin həlli üçün infrastrukturun genişləndirilməsi və göstərilən sahədə innovativ stategiyaların hazırlanması üzrə işlər aparılır.

O bildirib ki, Oyunlara hazırlıq çərçivəsində nəqliyyat strategiyasının əsas amili yarışlar başa çatdıqdan sonra istifadə ediləcək uzunmüddətli obyektlərin yaradılmasıdır. Buna görə də reallaşdırılan bütün layihələr uzunmüddətli istifadəyə yönəlib.

Nəqliyyat Departamentinin rəhbəri əlavə edib ki, Oyunlara xidmət edəcək nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilməlidir: "Biz Oyunlara xidmət edəcək nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməliyik. Bu məqsədlə yalnız Oyunlara xidmət edəcək nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrılacaq".

Onun sözlərinə görə, nəqliyyatın hərəkəti marşrutlarının hazırlanması iri tədbir təşkilatçıları üçün həmişə çətinlik törədir. Bunun həlli məqsədilə bütün amillər nəzərə alınmalıdır. Bundan əlavə, Oyunların keçirilməsinin əməliyyat konsepsiyasını asanlaşdırmaq lazımdır. Bundan sonra ictimai nəqliyyatın təşkili, çatdırma müddətinin müəyyənləşdirilməsi və müvafiq xidmət səviyyəsi məsələlərini həll etmək olar.

P.Protopsaltis qeyd edib ki, I Avropa Oyunlarında nəqliyyatın hərəkəti üçün marşrut şəbəkəsinin bir sıra fərqli cəhətləri olacaq: "Nəqliyyat mərkəzdən yan keçməklə şəhərətrafı marşrut üzrə hərəkət edəcək. Bakının mərkəzində hərəkət Ziya Bünyadov prospekti ilə həyata keçiriləcək və yol infrastrukturunun yeni elementi - işıqforsuz magistral yaradılacaq. Yeni element uzunmüddətli istifadə edilən obyekt, ilk yüksəksürətli, periferik marşrut olacaq".

Onun sözlərinə əsasən, bütün bu tədbirlər Bakının mərkəzində nəqliyyatın hərəkət yükünü azaltmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti