...

Azərbaycanın həyat sığortası bazarı 52 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2014 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Z.Qurbanova/

Azərbaycanın həyat sığortası bazarı 52% artıb.

Trend-in məlumatına görə, bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib ki, bu ilin yanvar-may aylarında Azərbaycanda toplanan sığorta haqlarının 27%-i və ya 50 milyon manatı həyat sığortası üzrə yığımların payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17 milyon manat və ya təxminən 52% artıb.

Həyat sığortası üzrə yığımların 51,7% və ya 25,8 milyon manatı həyatın yaşam sığortasının, 35%-i və ya 17,5 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 13,3%-i və ya 6,6 milyon manatı həyatın ölüm halından sığortanın, cəmi 34 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 5 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 2,9 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 5,3%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 1,2 milyon manat və ya təxminən 73% çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 56,4%-i və ya 1,65 milyon manatı həyatın yaşam sığortasının, 30,9%-i və ya 0,9 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,7%-i və ya 370 min manatı isə həyatın ölüm halından sığortanın payına düşüb. Sağalmaz xəstəliklərlə bağlı isə sığorta ödənişi alan olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 5,84 manata yaxın ödəniş həyata keçirilib. Ötən ilin yanvar-may aylarında bu göstərici 5,14 manat olub.

Bu ilin yanvar-may aylarında əsas sığorta növləri arasında ən ciddi artım həyatın yaşam sığortasında qeydə alınıb. Həyatın yaşam sığortası üzrə yığımlar 25,8 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 73% çoxdur.

İlk 5 ayda istehsalatda bədbəxt hadisələrdən sığorta üzrə 17,5 milyon manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9% artıqdır. Həyatın ölüm halından sığorta 3,55 dəfə artaraq 6,6 milyon manata çatıb.

Sığorta ödənişlərinə gəlincə isə ən çox artım həyatın ölüm halından sığortada qeydə alınıb. Bu rəqəm 4,44 dəfə artaraq 371 min manata çatıb.

Həyatın yaşam sığortası üzrə ödənişlər 61% artaraq 1,65 milyon manata, istesalatda bədbəxt hadisələrdən sığorta üzrə ödənişlər isə 54% artaraq 901 min manata çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti