Azərbaycan, Bakı, 30 iyul /Trend/
Ermənistan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi ildən-ilə azalır. Trend-in "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Respublika Sənayeçilər və İşəgötürənlər İttifaqının direktoru Qaqik Makaryan mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, investisiyalar əsasən bir neçə sahəyə - telekommunikasiya, daşınmaz əmlak, alkoqol və dağ-mədən sənayesinə yönəldilir.
Bununla yanaşı, Q.Makaryan qeyd edib ki, məsələn, daşınmaz əmlak sahəsinin cəlbediciliyi son illər qiymətlərdə əhəmiyyətli azalmanı təmin edib, dağ-mədən sənayesinə sabit maraq var: "Bütün bunlarla bərabər, sərmayəçilər üçün bu sahələr üzrə maksimum münbit şərait yaradılıb, lakin ölkədə ekologiyaya ciddi ziyan dəyir".
O qeyd edib ki, investisiyalar üçün ənənəvi maneələr qeyri-bərabər rəqabət və korrupsiyadır. Q.Makaryan hər iki amili "risklərlə idarə olunan" adlandırıb.