...

Qazax Sement Zavodu klinker istehsalına start verib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2014 18:04 (UTC +04:00)
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Qazax Sement Zavodu” MMC-nin investisiya layihəsinin ikinci mərhələsi uğurla tamamlanıb.
Qazax Sement Zavodu klinker istehsalına start verib (FOTO)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Qazax Sement Zavodu" MMC-nin investisiya layihəsinin ikinci mərhələsi uğurla tamamlanıb.

"Akkord" Korporasiyasından Trend-ə verilən məlumata görə, 2014-cü il avqustun 21-də klinker istehsalına start verilib. Zavod cari il sentyabrın ortalarına qədər 70% və oktyabr ayına 100% həcmdə olmaqla günlük 2500 ton klinker və ya illik 1 milyon ton sement istehsalı gücünə çatacaq.

Xatırladaq ki, investisiya layihəsinin birinci mərhələsi 2013-cü ilin iyul ayında başa çatıb. Açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştrakı ilə keçirilib. Qazax Sement Zavodu Azərbaycanda, xüsusilə Qərb regionunda reallaşmış ən böyük investisiya layihələrindən biridir. Texniki-iqtisadi əsaslandırılması "Deloitte and Touche" şirkəti tərəfindən hazırlanmış zavodun inşasına yatırılmış investisiyanın ümumi məbləği 225.0 milyon manat təşkil edir.

Zavodun layihələndirilməsi və inşası işlərini zəngin beynəlxalq təcrübəyə malik "SİNOMA", proqram təminatını isə "SİEMENS" şirkətləri həyata keçiriblər. Zavodda 595 nəfər işə cəlb edilib ki, onun da əsas hissəsini regionun yerli əhalisindən olan insanlar təşkil edir. Zavodda çalışanlara ödənilən orta əməkhaqqı 600-700 manat məbləğindədir.

Müəssisənin ümumi tikinti kompleksinə 49 bina və qurğu daxildir. Bunların 34-ü əsas, 15-i isə yardımçı bina və qurğudur. Sement istehsalında mineral xammala olan tələbatı ödəmək üçün 452 hektar torpaq sahəsi ayrılıb.

Zavodun istehsalat xəttinin inşasından əlavə ümumi layihə çərçivəsində bir sıra mülki, infrastruktur və enerji obyektlərinin - 8 km avtomobil, 18 km dəmiryollarının tikintisi, 15 km xarici su xətti, 26 km 110 kilovoltluq yüksək gərginlikli xarici elektrik xəttinin çəkilməsi, Avtomatik Qazpaylayıcı Stansiyanın quraşdırılması və 4 km uzunluğunda qaz xəttinin çəkilməsi, suvarma kanalının, sel bəndinin tikintisi və s. işlər görülüb.

Zavodun tikintisi zamanı sosial təyinatlı obyektlərin də tikintisinə xüsusi diqqət yetirilib. Belə ki, işçi heyətinin və onların ailə üzvlərinin yaşayış şəraitinin təşkil edilməsi məqsədilə 56 otaqdan ibarət hotel, uşaq bağçası, poliklinika, 250 nəfərlik yeməkxana, 69 otaqdan ibarət inzibati bina inşa edilib.

Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb. Burada orijinal layihə əsasında park salınıb. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir.

Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanılması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılıb. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin müxtəlif növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir.

Zavodun istehsal etdiyi sement artıq Azərbaycanın inşaat sektorunda tanınıb və inşaat şirkətləri tərəfindən keyfiyyətli məhsul kimi qiymətləndirilib. Bütün istehsal olunan sement növləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qaydada sertifikatlaşdırılıb.

Şirkətin inkişaf planına əsasən, 2014-2017-ci illərdə illik sement istehsalını 3 mln. tona çatdırmaq və müxtəlif növ yeni inşaat materiallarının istehsalını təşkil etmək nəzərdə tutulur. Bu planlara görə, "Qazax Sement Zavodu" MMC-də yaradılımış infrastrukturdan və ən son texnologiyalardan istifadə etməklə Qərb regionunda iri İstehsal Texnoparkı yaradılacaq. Artıq bu barədə Azərbaycanın İqtisadı inkişaf və Sənaye Nazirliyinə təkliflər verilib. Həyata keçiriləcək işlər Azərbaycanın inşaat materiallarına olan tələbatının ödənilməsi, ölkəmizin ixrac potensialının artırılması və iqtisadiyyatın qeyri-neft sektorunun daha da gücləndirilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti