Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/
Azərbaycan və Makedoniya ticarət və investisiyalar sahəsində ikitərəfli əlaqələrin inkişafı potensialına malikdirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Makedoniya biznes forumunda deyib.
Onun sözlərinə görə, ölkələr arasında əlaqələr, xüsusilə də siyasi əlaqələr uğurla inkişaf edir: "Ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi haqqında iki sazişin imzalanmasına, həmçinin müvafiq normativ-hüquqi bazanın yaradılmasına baxmayaraq, Azərbaycan və Makedoniyanın əməkdaşlığı iki ölkənin potensialına uyğun deyil".
Ş.Mustafayev Azərbaycanın iqtisadi sahədə uğurlarından bəhs edərək Azərbaycan və Makedoniya sahibkarlarını iki ölkənin iqtisadiyyatına qarşılıqlı investisiya yatırmağa çağırıb.
Makedoniya Baş nazirinin müavini, maliyyə naziri Zoran Stravreski isə tədbirdə qeyd edib ki, Azərbaycan Makedoniyanın köməyi ilə Avropa bazarına, Makedoniya isə Asiya bazarına çıxa bilər: "Hər iki ölkədə sabit siyasi və makroiqtisadi vəziyyət mövcuddur. Bu, iki ölkə arasında səmərəli ticari və investisiya əlaqələrinin yaradılması üçün yaxşı imkandır. Hər iki ölkə bu sahələrin inkişafı üçün yaxşı potensiala malikdir".
Sonra Makedoniyanın Xarici İnvestisiyaların və İxracın Təşviqi üzrə Agentliyinin icraçı direktorunun müavini Kliment Sekerovski biznes və investisiyalar sahəsində Makedoniyanın imkanlarına həsr olunmuş təqdimatla çıxış edib.