...

Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 200 milyon manatdan çox güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2014 15:35 (UTC +04:00)
İşgüzar forumda sahibkarlara 9,9 milyon manat kredit verilib
Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 200 milyon manatdan çox güzəştli kredit verilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu bu gün Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin ayrılması mexanizmi barədə ətraflı məlumatların çatdırılması, Bakı və ətraf qəsəbələrdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi investisiya layihələrinin təqdimatı, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, ət kəsimi və emalı müəssisəsinin, müasir istixana kompleksinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 4018 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 202,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 877 investisiya layihəsinin maliyyələşdirilməsinə 197,3 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər hesabına investisiya layihələrinin reallaşdırılması nəticəsində 6200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Əmircan qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 9,9 milyon manat kredit verilib. Verilmiş kreditlər, əsasən, heyvandarlıq, quşçuluq, zəfərançılıq, istixana təsərrüfatının yaradılması, çörək, un və un məmulatları, konserv məhsulları, beton istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yeri açılacaq.

Suraxanı rayonunda keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında həyata keçirilməsi prioritet hesab olunan investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Tədbir çərçivəsində, həmçinin Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit hesabına tikilən müasir istixana kompleksinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti