Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
AXA MBASK Sığorta Şirkəti EL Resort Hotelində (Qax) "Etibarlı və asan xidmət modeli" adlı Sığorta Agentliklərinin Dördüncü illik Forumunu keçirib. Üç gün davam edən Forumda AXA MBASK-la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.
Bazar ertəsi şirkətin verdiyi məlumata görə, forumun birinci günü yerli sığorta bazarının potensialına və mövcud problemlərinin müzakirəsinə həsr edilib.
Ikinci gün iştirakçılara xaricdən xüsusi dəvət olunmuş ekspertlər satışlarla bağlı geniş treninqlər keçiriblər.
Həmçinin Forumda, keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsilə könüllü və icbari sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.
Rəsmi hissədən sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.
Qeyd edək ki, AXA MBASK SŞ-nin keçirdiyi sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərdi ki, AXA MBASK sığorta şirkəti ve onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sıgorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməktədir.
Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.
Xatırladaq ki, AXA MBASK SŞ 2010-cu ildən başlayaraq AXA Qrupun beynəlxalq standartlarının Azərbaycanın sığorta bazarında tətbiq edilməsinə başlamışdır. Sığorta agentliklərin şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirərək qısa bir müddətdə Azərbaycanın bütün regionlarında sığorta polislərinin satışı ilə məşğul olan, fiziki və hüquqi şəxslər, eləcə də maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə fəaliyyət göstərən 80-ə yaxın sığorta məntəqəsi açılmışdır.
Avropa standartlarına uyğun xidmət keyfiyyəti, həmçinin ödənişlərin zamanında və bütöv şəkildə həyata keçirilməsi qısa bir müddətdə şirkətin "İlin sığorta şirkəti" kimi beş beynəlxalq və milli mükafatlara layiq görülməsinə rəvac vermişdir.