Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Emil İsmayılov/
Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Pekin və Londonu birləşdirən nəqliyyat dəhlizi açır. Trend xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan cümə axşamı Bakıda jurnalistlərə deyib.
Onun sözlərinə görə, əgər əvvəllər bu dəhlizin iki tərkib hissəsi olan "Marmaray" dəmiryol tuneli və BTQ mövcud deyildisə, indi tunel artıq istismara verilib, növbə 2015-ci il ərzində istismara veriləcək BTQ layihəsinindir: "Bu layihə təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün deyil, ümumilikdə bütün region üçün əhəmiyyətlidir".
L.Əlvan bildirib ki, gündəlikdə Naxçıvan-Qars dəmiryol layihəsi də durur. Bu layihə dünən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla müzakirə olunub: "Gündəlikdə iki ölkə arasında əməkdaşlıqda çox mühüm olan bu layihə durur".
Azərbaycanın Baş nazirinin birinci müavini Abid Şərifovun jurnalistlərə dediyi kimi, Türkiyə tərəfi Naxçıvan-Qars dəmiryol layihəsi çərçivəsində layihənin sənədləşdirilməsi və texniki-iqtisadi əsaslandırılması (TİƏ) üzərində çalışır. O, layihənin Azərbaycanın vəsaiti hesabına reallaşdırılacağını bildirib.