Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
Azərbaycanda bu ilin 9 ayrı ərzində içməli su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə ilə bağlı 854 fakt aşkarlanıb. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda həyata keçirilən infrastruktur layihələri göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu sahədə müsbət nəticələr əldə olunsa da təəssüf ki, bəzi istehlakçılar tərəfindən içməli su və kanalizasiya xidmətlərindən sui-istifadə hallarına yol verilir. Belə ki, bəzi hallarda istehlakçılar müqavilə bağlamadan içməli su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz olaraq istifadə edir, sayğacdan kənar əlavə su xətləri çəkir, sayğaca müdaxilələr edir, qeyri-əhali qrupu istehlakçıları əhali qrupuna aid istehlakçıların suyundan istifadə edirlər.
Belə hallarla mübarizə çərçivəsində cari ilin yanvar-sentyabr aylarında həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində qeyri-əhali qrupunda içməli su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə ilə bağlı 854 fakt aşkarlanıb. Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləği 581 min manat müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində əvvəlki illərdən yazılmış aktlara uyğun məbləğlər nəzərə alınmaqla 878 min manatının ödənilməsi təmin edilib.
Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nda içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni və özbaşına istifadəyə qarşı tələblər sərtləşdirilib. Qaydalarda göstərilir ki, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilir və qanunsuz qoşulma ləğv edilir. Eyni zamanda, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadə dayandırılır və dəymiş ziyanın ödənilməsi tələb olunur.
"Sudan istifadə Qaydaları"nın 4 nömrəli əlavəsində "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli" də təsdiq edilib. Cədvələ əsasən, istehlakçının içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəsi nəticəsində dəymiş ziyanın məbləğinin hesablanması təkmilləşdirilib. Məsələn, qeyri-əhali qrupu istehlakçıları tərəfindən xidmətlərdən qanunsuz istifadə halları aşkar edildikdə dəymiş ziyanın məbləği qidalandırıcı su xəttinin en kəsiyinə uyğun olaraq hesablanır. Başqa sözlə, hər hansı bir obyekt 20 mm diametrli xətlə içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edərsə, həmin istifadəçi 1 il üçün 2667,60 qəpik (iki min altı yüz altmış yeddi manat altmış qəpik) dəymiş ziyan ödəməli olacaq. "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəli" www.azersu.az saytında yerləşdirilib.
Artıq su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericiliyin pozulması cinayət məsuliyyəti də yaradır. 2014-cü ilin iyun ayında qüvvəyə minmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, məcəllənin 189.1-ci maddəsində göstərilir ki, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri, eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə - 3 min manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Azərsu" ASC istehlakçıların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür.