Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Maksim Tsurkov/
Azərbaycan və Belarus arasında birgə kombayn istehsalının təşkili üzrə danışıqlar aparılır. Bunu Trend-ə Belarusun Azərbaycandakı səfirliyinin ticari-iqtisadi və investisiya məsələləri üzrə müşaviri Leonid Lavrov deyib.
Onun sözlərinə görə, bu ilin yayında birgə taxıl və yem yığımı kombaynlarının istehsalı üzrə layihənin hazırlanmasına başlanılıb: "Hazırda layihə yalnız ilkin mərhələdədir və məsələnin iqtisadi və hüquqi tərəfləri işlənilir".
L.Lavrov qeyd edib ki, iki ölkə arasında birgə müəssisələrin yaradılmasına dair razılaşma mövcuddur: "Həmişə hər hansı qarşılıqlı təkliflər var və hazırda Azərbaycan müəssisəsinin bazasında qoşqu kənd təsərrrüfatı avadanlığının birgə istehsalının təşkili də işlənib hazırlanır. Bu layihə üzrə danışıqlar artıq çoxdan aparılır, Belarus tərəfi təkliflərini verib və biz azərbaycanlı həmkarlarımızın qərarını gözləyirik".
Müşavir əlavə edib ki, iki ölkə arasında qarşılıqlı investisiyaların səviyyəsi də artır: "Hazırda Belarusda Azərbaycanın təqribən 13 milyon dollar həcmində birbaşa sərmayələrinin iştirakı ilə investisiya layihələri reallaşdırılır. Azərbaycan sərmayədarları mehmanxana və restoran biznesinə, xidmət, ticarət və logistika sahələrinə investisiya yatırmağa üstünlük verirlər. Azərbaycanda Belarus investisiyalarının səviyyəsi təqribən 250 min dollardır, maşınqayırma sahəsi isə daha cəlbedici görünür".
İki ölkə arasında ticarət dövriyyəsinin artırılması da planlaşdırılır.
L.Lavrov bununla bağlı bildirib: "Əmtəə dövriyyəmizin xüsusiyyəti ondan ibarətdir ki, o, hər hansı böhrandan asılı olmayaraq həmişə artır. Hazırda əmtəə dövriyyəsi 260,7 milyon dollardır. Ötən illə müqayisədə artım təqribən 27 faiz təşkil edib və ilin sonunadək bu göstəricinin artacağını gözləyirik".