Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində ölkəmizdə səfərdə olan Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Marek Savitskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilibr. Görüşün məqsədi hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, əhalinin 37-38 faizinin kənd təsərrüfatında çalışdığını, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində kənd təsərrüfatında böyük nailiyyətlər əldə edildiyini və qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet sahə olduğunu bildirib.
H.Əsədov ölkələrimiz arasında başqa sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlığın yüksək səviyyədə olmasının vacibliyini, ölkəmizdə aqrar sahədə Avropa standartlarına uyğun geniş işlərə başlanıldığını, Polşanın aqrar sahədə əldə etdiyi təcrübədən, o cümlədən hər iki ölkənin idxal-ixrac potensialından istifadə olunmasının vacibliyini qeyd edərək aşağıdakı təklifləri nəzərə çatdırıb:
• Polşa Avropa İttifaqına üzvlüyü kontekstində kənd təsərrüfatı sahəsində metodologiyaların və ölçülər sisteminin çox yaxşı bazasını yaratmağa müvəffəq olub. Azərbaycanda bu sahədəki metodologiyaların və ölçülər sisteminin tətbiq olunması, müqabil tərəflə bu sahədə mütəmadi təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədəuyğun olardı;
• Polşa artıq Azərbaycanda süni mayalanma sahəsində həyata keçirilmiş layihədə iştirak edib. Hazırda süni mayalanma sahəsində ölkəmizdə gedən islahatlar prosesinə Polşa tərəfindən dəstək verilməsi məqsədilə birgə fəaliyyətlərin həyata keçirilməsi, bu məsələdə Polşa və Azərbaycan tərəfinin Avropa İttifaqına birgə müraciəti məsələsinə baxılması;
• Polşada kartofçuluq yaxşı inkişaf edin. Bunu nəzərə alaraq, Azərbaycanda sertifikatlı kartof toxumçuluğunun inkişaf etdirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsi: iki ölkə arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi və kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin, mütəxəssis və təcrübə mübadiləsinin asanlaşdırılması, aqrobiznes investisiyalarının daha da təşviq edilməsi məqsədilə nazirliklərarası elmi-texniki əməkdaşlığa və bitki mühafizəsi sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması;
• Polşanın Bitkilərin Mühafizəsi və Toxumçuluq üzrə Baş İnspektorluğunun bitkilərin karantin ekspertizası, toksikoloji analizlərin aparılması və genetik modifikasiya olunmuş ərzaq məhsullarının (GMO) təyin edilməsi sahəsində çalışan laboratoriya mütəxəssisləri tərəfindən təlim və seminarların keçirilməsi yolu ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin aidiyyəti laboratoriyaları üçün virusologiya, bakteriologiya, toksikologiya üzrə müvafiq kadrların təkmilləşdirilməsi sahəsində birgə əməkdaşlıq;
• Hər iki ölkənin aidiyyəti qurumları arasında bitki mühafizəsi və karantini sahəsində informasiya-təcrübə, fitosanitar və re-eksport fitosanitar sertifikatlarının nümunələrinin mübadiləsinin aparılması;
• Kadr hazırlığı sahəsində əməkdaşlıq;
• Polşanın ixrac potensialı olan şirkətlər və onların istehsal etdiyi məhsullar barədə məlumatların təqdim olunması.
Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri M.Savitski səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanla Polşa arasında aqrar sahədə əməkdaşlığa önəm verdiyini və potensial əməkdaşlıq sahələri, xüsusilə damazlıq, süd istehsalı, heyvanların identifikasiyası, süni mayalanma, ixrac potensialı barədə geniş məlumat verib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Polşanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili - səfir əvəzi Andrzey Kneyfel də iştirak edib.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan Polşanın kənd təsərrüfatı və kəndin inkişafı naziri M.Savitskinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.