Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə avtomobil zavodunun tikintisinə 1986-cı ildə başlanıb. Lakin Sovetlər Birliyinin Kommunist Partiyasının Mərkəzi Bürosunun qərarı o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Ermənistan rəhbərliyi layihəni məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərib. Və yalnız Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi nəticəsində avtomobil zavodunun təməli Azərbaycanda, Gəncədə qoyulur. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəllindən isə artıq 1,5 tonluq yük avtomobillərin istehsalına başlanmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımcıq qalır. Bütün çətinliklərə baxmayaraq Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə avtomobil zavodu işə salındı. 2004-cü ilin dekabr ayında Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən Azlitrajlı avtomobillərin istehsalı üzrə zavodu ilə bağlanmış müqaviləyə əsasən VAZ 11113 "OKA" markalı avtomobilləri yığımı həyata keçirildi. Ümumilikdə 314 "OKA" yığılaraq Qarabağ əlili və Böyük Vətən müharibəsi iştirakçılarına verilib.
İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə avtomobil zavodu 2005-ci ildə Rusiyanın "UAZ" ASC ilə imzalanan razılaşmasına əsasən UAZ avtomobillərin 10 modelinin yığımı təşkil olundu. Bir il müddətində 243 ədəd "UAZ" avtomobili yığılaraq istifadəyə verildi. 2005-ci ilin iyulun 1-dən Rusiya Federasiyasında AVRO-2 beynəlxalq standartın tətbiqindən sonra Ulyanovsk müəssisəsində yaranan ciddi problemlər ikitərəfli əməkdaşlığın dayanmasına səbə oldu. Lakin "Kiçikdən böyüyə doğru addım addım irəli" devizini qarşısına məqsəd Gəncə Avtomobil Zavodunun rəhbərliyi 2005 ilin oktyabr ayında Çinin "Can Qan" şirkəti ilə müqavilə imzaladı. Bu sənədə əsasən müəssisədə 7 modeldə ortatonnajlı yük maşınların yığımı təşkil olunub. Bir il müddətində ümumilikdə 68 "Can Qan" markalı avtomobil yığılaraq istifadəyə verildi.
2006-cı il müəssisənin həyatında yeni bir səhəfə ilə açildi. Belə ki, 2006-cı ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı 2 dövlət arasında iqtisadi əlaqələrin qurulması, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarus Respublikasının dövlət başçısı ilə razılığa gəlindi. Bu razılığa əsasən avtozavod bu müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağladı. Bundan sonra Gəncə Avtomobil Zavodunda ümumi ərazisi 20000 kvadrat mert olan sexdə təmir bərpa işləri görüldü, yeni texnoloji yığım xəttləri quraşdırıldı. Yeni sex müasir avadanlıqlar və texnika ilə təhciz olundu. Bu müqavələnin əməli davamı olaraq 2007-ci iln mart ayının 27-dən MTZ markalı "Belarus 80.1", "Belarus 82.1", "Belarus 1221", "Belarus 1025", "Belarus 892", "Belarus 80X" modeldə traktorlar istehsala başlanıldı. Bu günədək ümumilikdə 5431-ə yaxın traktor yığılıb. Bu texnikalardan 4677-i dövlət sifarişi əsasında Aqrolizinq" ASC-nə, qalan 754-ü isə fermerlərə və iş adamlarına satılıb.
2007-ci ilin aprelindən etibarən müəssisədə yığılan "GƏNCƏ" və "PƏHLƏVAN" adları daşıyan MAZ-lar yığılmağa başlayıb. Bu günədək ümumilikdə 2212 müxtəlif markalı MAZ avtomobilləri yığılıb.
2007-ci ilin sentyabr ayında Gəncə Avtomobil Zavodunun Belarusun "Dorelektromaş" və "Smorqon aqreqat zavodu" ilə razılığına əsasən "Belarus" traktorları bazasında asma avadanlığın yığılmasına başlanılıb. Bu günədək 82 ədəd MUP, 34 - DEM ekskovator, 11 - asfaltkəsən-qartəmizləyən yığılaraq təhvil verilib.
2009-cu ildə müəssisə "Moqilyovtransmaş" ATSC-ilə müqavilə imzalamış və ümumilikdə 12 ədəd 25 tonluq avtokranlar yığılmışdır.
2008-ci ildə Türkiyənin Aqrional və Pirtizion şirkətləri ilə bağlanmış müqaviləyə əsasən müəssisəmizdə traktor qoşqularının və asma avadanlıqların yığımı həyata keçirilir. Bu günədək 138 traktor qoşqusu və 3160 asma avadanlıq yığılıb. Müəssisədə istehsal olan texnika ölkəmizdə kənd təsərrüfatının inkişafında bir yeni mərhələ açdı. Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısı İlham Əliyev Gəncədə yığılan traktorların Azərbaycanda aqrar sahənin inkişafında böyük rol oynayacağını vurğulamışdı. Ölkə başçısının müəssisənin fəaliyyətini müsbət qiymətləndirməsi zavod rəhbərliyini daha da ruhlandırdı və 2010-cu ildə Gəncə Avtomobil Zavodu və Almaniyanın "Haller" şirkəti MAZ avtomobili bazasında kommunal texnika istehsalına dair uzunmuddəti əməkdaşlıq haqqında müqavilə imzaladı. Almaniyanın "Haller" şirkəti, Belarusun Minsk Avtomobil Zavodu və Gəncə Avtomobil Zavodu ilə bağlanan üçtərəfli müqavilənin həyata keçirilməsi üçün müəssisəmizdə ərazisi 6000 kvadrat metr olan müasir avadanlıqlarla təmin olunan yeni Haller yığım sexi və yığım xətti istifadəyə verildi. Bu günədək ümumilikdə 90 ədəd 21 kubametr tutumlu məişət tullantılarını təmizləyəcək avtomobillər istehsal olunub.
2011-ci ilin yanvar ayında Nazirlər Kabineti "Gəncə avtomobil zavodunun Nizamnaməsinin təsdiqi haqqında" qərara əlavə və dəyişiklik haqqında qərar qəbul etdi və bundan sonra müəsssisə "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinə çevrildi. Birliyə "Gəncə avtomobil zavodu" (baş müəssisə), Marketinq və Servis Müəssisəsi və Xüsusi Konstruktor-Texnoloji bürosu daxil oldu. 2011-ci ilin aprel ayından Bakıda Gəncə avtomobil zavodu istehsalat birliyinin "Marketinq və servis müəssisəsi" fəaliyyətə başlamışdır ki, bunun da nəticəsində zavodda istehsal olunan kənd təsərrüfatı texnikasının və avtomobillərin satışı, təmiri və servis xidməti göstərilir. Serviz xidmətinin regionlarda mərkəzləri vardır ki, onlar da yerlərdə yaranan problemləri həll etmək üçün nəzərdə tutulub.
Gəncə Avtomobil Zavodu İB-nin 10 ildə olan fəaliyyəti həm iqtisadı göstəricilər baxımından, həm də işçilərin sosial şəraiti baxımından inkişaf tempi nəzərəçarpacaq dərəcədədir. Əgər müəssisə fəaliyyətə başladığı ildə işçilərin sayı 85 idisə, 2006-2008-ci illərdə 306, 2010-2012-ci illərdə 471, hazırda isə 500-ə yaxındır. 10 ildə işçilərin sosial vəziyyətlərinin yaxşılaçdırılması istiqamətində də xeyli işlər görülüb. Beləki, 2004-2005-ci ildə orta aylıq əmək haqqı 90 manat idisə, 2006-2008-ci illərdə bu rəaəm 185 manat, 2010-2012-ci illərdə 345 manat, hazırda isə 398 manat təşkil edir. Bu müddətdə müəssisənin uşaq baxçası, müəssisənin qəsəbəsinin binaları, qəsəbədaxili yollar, zavodun ərazisi və sexlər təmir olunaraq lazımı şərait yaradılıb. Zavodda işçilər üçün yeni yeməkxana tikilərək istifadəyə verilib. Sexlərdə işçilərin əmək şəraitin yaxşılaşdırılması üçün əl əməyi maksimum avtomatlaşdırılıb.
İstehsalat Birliyi fəaliyyətini günü gündən genişləndirir. Yeni layihələr və müqavilələr üzərində işlər davam etdirilir. 2013-cü ildə "Minsk təkərli dartıcılar" zavodu ilə ikitərəfli müqavilə imzalanmış və həmin razılaşmaya əsasən 2014-cü ildə hələlik 30 ağır yük daşıyan qoşqu yığılmışdır. 2014-cü ilin may ayında Belarusun "Bobruysk" ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu ilə bağlanmış müqaviləyə əsasən MTZ 422 və MTZ 622 markalı mini traktorların istehsalına başlanılıb. Bu günədək ümumilikdə 68 bu tipli texnika yığılaraq təhvil verilib. Müəssisəmiz gələcəkdə marketinq araşdırmalarının nəticələrindən asılı olaraq yeni model texnikaların yığımını nəzərdə tutur.
"Gəncə avtomobil zavodu" İstehsalat Birliyi daim dövlətimizin və onun rəhbərinin diqqət və qayğısını daim hiss edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev müəssisənin işini müsbət qiymətləndirmiş, 23.06.2014-cü ildə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə birliyin direktoru Kamran Qılman oğlu Nəzərovu"Tərəqqi" medalı ilə təltif etmişdir. Bu günlərdə isə ölkə başçısı Gəncə Avtomobil Zavodu İB-nin işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə zavodun işçiləri Məmmədov Həmzə Hüseyn oğlu, Məmmədov Vahid Firuddin oğlu və Muradov Zahid Bəhrəm oğlunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova "Əməkdar mühəndis" fəxri adı verilib.