...

Əhməd Əhmədzadə 2014-ü dəyərləndirdi, 2015-ci ildə görüləcək işləri sadaladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2015 23:42 (UTC +04:00)
Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz fəaliyyətiniz, gərgin əməyiniz, qətiyyət və əzmkarlığınız, milli maraqları və mənəvi dəyərləri ahəngdar şəkildə uzlaşdırmağınız sayəsində dünyanın ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir.
Əhməd Əhmədzadə 2014-ü dəyərləndirdi, 2015-ci ildə görüləcək işləri sadaladı

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

"Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz fəaliyyətiniz, gərgin əməyiniz, qətiyyət və əzmkarlığınız, milli maraqları və mənəvi dəyərləri ahəngdar şəkildə uzlaşdırmağınız sayəsində dünyanın ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir".

Trend-in məlumatına görə, bunu yanvarın 27-də Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.

Ə.Əhmədzadənin sözlərinə görə, bu yüksəlişin bir sirri, bir səbəbi də vardır ki, bu da Sizin müəllifi olduğunuz respublika iqtisadiyyatının hərtərəfli inkişafını təmin edən, real icra imkanlarına söykənən, çoxsaylı Dövlət proqramlarının qəbul edilməsi, bu proqramların həyata keçirilməsi üçün respublikanın potensialının səfərbər edilməsi, ən başlıcası isə bu böyük miqyaslı işlərə Sizin şəxsən rəhbərlik, nəzarət etməyiniz, kömək və tələbkarlıq göstərməyinizdir. Bu gün keçirilən tədbir bunu bir daha təsdiq edir:

"Ölkə iqtisadiyyatının inkişafında öz yeri olan meliorasiya və su təsərrüfatı sahəsinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən göstərilən diqqət və qayğı, onun həmişəyaşar ideyaları bu gün Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Bunun nəticəsi olaraq son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmişdir. 171 min hektar sahədə suvarılan torpaqların su təminatı və 178 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 20 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmışdır. Sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.

Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr bilavasitə Sizin rəhbərliyiniz, daimi nəzarətiniz, yaxından köməyiniz və qayğınız sayəsində qısa müddət ərzində başa çatdırılmışdır".

Onun bildirdiyinə görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tədbirlər üzrə 2014-cü ildə müvafiq işlər həyata keçirilmişdir. Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılmışdır və hazırda bu işlər davam etdirilir:

"Sizin, 2014-cü il iyulun 22-də yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suyun Xızı rayonunun torpaq sahələrinə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirakınız zamanı Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinin sürətləndirilməsi barədə verdiyiniz tapşırıqların icrası olaraq, ilkin mərhələdə rayonun 3400 hektar torpaq sahələrində meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

2014-cü il noyabrın 15-də Sizin iştirakınızla açılış mərasimi keçirilmiş Su Elektrik Stansiyası ilə birgə Şəmkirçay su anbarının tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin içməli su ilə təmin edilməsi və ildə 56 milyon kilovat elektrik enerjisinin istehsal edilməsi mümkün olacaqdır.

2014-cü ildə Dünya Bankının krediti hesabına respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmiş, 10 rayonda isə 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılmışdır. Müvafiq Sərəncamınızın icrası olaraq respublikanın 32 rayonunun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250, ümumilikdə isə 305 ədəd subartezian quyuları qazılmışdır".

Ə.Əhmədzadə deyib ki, ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyiniz tapşırığa əsasən Füzuli və Ağcabədi rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə təmin edilmiş, Neftçala rayonunda isə bu məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının tikintisi işləri davam etdirilmişdir:

"İstismar tədbirləri və əsaslı təmir işləri üçün ayrılmış vəsait hesabına su anbarlarında, hidroqovşaqlarda, 67 kilometr suvarma və kollektor-drenaj şəbəkəsində, 90 hidrotexniki qurğuda, 71 nasos stansiyasında, 91 subartezian quyusunda və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri görülmüşdür. Kür, Araz və onlara qovuşan çaylarda 91 kilometr məsafədə sahilbərkitmə və torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri görülmüşdür.

Bildiyiniz kimi, 2014-cü ildə havaların kəskin isti və quraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olmuş, bir sıra dağ çaylarının suyu tamamilə qurumuşdur. Mingəçevir, Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su anbarlarında toplanılmış su həcmləri də normadan az olmuşdur. Lakin ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatını ödəmək üçün əlavə olaraq 260 milyon kubmetrə yaxın su verilməsi mümkün olmuşdur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilmiş, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmışdır.

Cənab Prezident, Sizin 2015-ci il 12 yanvar tarixli Sərəncamınızla 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi bizim məsuliyyətimizi xeyli artırır. Bu məqsədlə 2015-ci ildə də konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Sizin Sərəncamınızla Dövlət Neft Fondundan "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə ayrılmış vəsait hesabına Xızı rayonunda ümumilikdə 7100 hektar (5415 hektar yeni suvarılan), Siyəzən rayonunda isə 4670 hektar (3963 hektar yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılacaqdır. Bu da yeni istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verəcəkdir. Şabran rayonunda isə yaxın vaxtlarda meliorativ tədbirlərin layihə sənədləri başa çatdırılaraq bu işlərə başlanılacaqdır. 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının, Şəmkirçay su anbarı zonasında isə əkin sahələrini suvarma suyu ilə təmin edəcək magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə veriləcəkdir.

Sizin Sərəncamınızla ehtiyat fondundan ayrılan vəsait hesabına 34 şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 300 subartezian quyusu qazılacaqdır.

Dünya Bankının krediti ilə respublikanın 8 rayonunda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, 15 rayonda təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin təmir-bərpası və tikintisi işləri davam etdiriləcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti