...

Mingəçevirdə sənayenin inkişafına dair tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2015 17:23 (UTC +04:00)
Martın 12-də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda tədbir keçirilmişdir.
Mingəçevirdə sənayenin inkişafına dair tədbir keçirilib

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 12-də İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə "Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər" mövzusunda tədbir keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov Azərbaycanın bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin Mingəçevir şəhərində də sürətlə davam etdirildiyini, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını və əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini diqqətə çatdırmışdır.

Tədbirdə Azərbaycanın son illər qazandığı sosial-iqtisadi uğurlardan danışan İqtisadiyyat və Sənaye Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək sənaye gücləri yaradılır. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin "Mingəçevir Sənaye Parkının yaradılması haqqında" 26 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, Parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılmışdır. Mingəçevirdə sənaye parkının yaradılması iqtisadi cəhətdən fəal şəhər əhalisinin, o cümlədən şəhərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasında mühüm rol oynayacaqdır. Parkın ərazisində qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur.

Tədbirdə Mingəçevir Sənaye Parkının yaradılmasının və tətbiq ediləcək güzəştlərin xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti, yeni texnologiyaların, "know-how", eləcə də digər bilik və bacarıqların tətbiqinin sənaye potensialının inkişafına müsbət təsir göstərəcəyi diqqətə çatdırılmışdır.

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor vəzifəsinin icraçısı Nazim Talıbov dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsi, onun neftdən asılılığının minimuma endirilməsi üçün ən müasir texnologiyaların gətirilməsi və yüksək rəqabət qabiliyyətli məhsulların istehsalının mühüm vəzifə kimi qarşıya qoyulduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, hazırda Azərbaycanda 3 sənaye və 2 yüksək texnologiyalar parkı yaradılıb. Bu gün sənaye parkları investisiya layihələri üçün regionda ən cəlbedici güzəştlər və stimullaşdırıcı tədbirlər portfelini təklif edir. Digər sənaye parklarında olduğu kimi, Mingəçevirdə yaradılan sənaye parkının rezidentləri də 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, həmçinin Sənaye Parkına idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunacaqlar. 14.8 hektar ərazidə yaradılan Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı "Sumqayıt Kimya Sənaye Parkı" MMC-dir.

Tədbirdə "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülmüşdür. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və s. kimi mühüm istiqamətlər nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən sahibkarlar sənaye məhsullarının ixrac və rəqabət qabiliyyətinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti