...

Kürdəxanı da aydınlığa çıxdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2015 16:17 (UTC +04:00)
“Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı sistemlərinin yaradılması” layihəsi uğurla başa çatıb.
Kürdəxanı da aydınlığa çıxdı (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı sistemlərinin yaradılması" layihəsi uğurla başa çatıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin istismara verilməsinə həsr olunmuş açılış mərasimi keçirilib. Mərasimdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, KOİCA-nın vitse-prezidenti Kim İn, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Q.Hüseynov ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını Prezident İlham Əliyevin daim diqqətdə saxladığını xatırladaraq qeyd edib ki, hazırda respublikanın 40-dək şəhər və rayon mərkəzində, həmçinin Bakıətrafı qəsəbələrdə içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2013-cü ilin mayında Kürdəxanı qəsəbəsində yeni içməli su layihəsinin icrasına başlanılıb. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26 250 nəfərin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanıb: "Koreya şirkətləri tərəfindən həyata keçirilən tikinti-quraşdırma işləri qısa müddətdə tam başa çatdırılıb. Layihə çərçivəsində qəsəbədə polietilen borularla 97,2 km uzunluğunda içməli su xətləri çəkilib, 3945 ünvana birləşmə verilib və bütün abunəçilər smart sayğaclarla təmin edilib. Bununla da 14 300 nəfər qəsəbə sakini 24 saat fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Eyni zamanda, yanğın təhlükəsizliyi məqsədi ilə qəsəbənin müxtəlif yerlərində 436 yanğın hidrantı quraşdırılıb".

Səfir Ç.Suk-in çıxışında Azərbaycan və Koreya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək verəcəyini bildirib.

KOİCA-nın vitse-prezidenti K.İn layihə haqqında məlumat verərək bildirib ki, təmsil etdiyi təşkilat Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir: "Kürdəxanı qəsəbəsinin su təchizatının yaradılması üçün Koreya hökuməti Azərbaycana 26,18 milyon ABŞ dolları məbləğində yardım (qrant) ayırıb. Kürdəxanı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin vaxtında və keyfiyyətlə icrası bu uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bizim işlərimiz bununla yekunlaşmır. Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun inşasına Koreya hökuməti kredit ayırıb və artıq bu il işlərə başlanılacaq. KOİCA-nın ayıracağı qrant hesabına Beyləqan rayonu ərazisində Xocavənd qəsəbəsinin su təchizatı sistemlərinin yaradılması da nəzərdə tutulur".

Daha sonra layihənin açılışı olub.

Qeyd edək ki, bu layihə çərçivəsində Kürdəxanı qəsəbəsində 1400 mm diametrli dəmir beton borularla 761 metr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektoru da tikilib. Su şəbəkəsi və kanalizasiya kollektorunun tikintisi "Sunjin Engineering" və "Yooshin Engineering" şirkətləri tərəfindən layihələndirilib, "Hyundai Engineering" və "Halla Energy&Environment" şirkətləri isə tikinti-quraşdırma işlərini həyata keçirib. Tikintiyə texniki nəzarəti Koreyanın "Saman" məsləhətçi şirkəti yerinə yetirib.

Növbəti mərhələdə qəsəbə yaxınlığında hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı da tikiləcək. "+41 Kürdəxanı" su anbarından Kürdəxanı qəsəbəsi ilə yanaşı, Pirşağı və digər ətraf yaşayış məntəqələri də qidalanacaq. Eyni zamanda, Kürdəxanı qəsəbəsində yeni kanalizasiya şəbəkəsinin yaradılması da nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihəyə uyğun olaraq qəsəbədə 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi və 3,8 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Kürdəxanı qəsəbəsində yaranan tullantı suları inşasına hazırlıq görülən Pirşağı Çirkab Sutəmizləyici Qurğusuna ötürüləcək. Məhsuldarlığı sutkada 40 min kubmetr layihələndirilən qurğunun tikintisi Koreya hökuməti ilə birgə maliyyələşdiriləcək. Hazırda məsləhətçi şirkət tərəfindən ilkin layihələndirmə və tender sənədlərinin hazırlanması işləri aparılır. Qurğunun tikintisinə 2015-ci ilin sonlarında başlanılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti