Azərbaycan, Bakı, 30 mart, /Trend/
Təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, martın 17-də Rusiya Federasiyasının Povoljsk Dövlət Texnoloji Universiteti və Hotellər və Restoranlar Assosiasiyası arasında Akademik mübadilə və Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bakıda işgüzar səfərdə olan Povoljsk Universitetinin professoru, i.e.d. Poluxina Anna Nikolaevna və Assosiasiyanın İdarə Heyətinin sədri Samir Dübəndi, sədr müavini Fuad Ağayev və təşkilatın təsisçilərindən biri olan, Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşı Samir Səfiyev arasında görüş keçirilib. Görüş nəticəsində təşkilatlar arasında əməkdaşlıq etmək razılığı əldə edilib, Universitetin sosial texnologiyalar fakültəsində hotelçilik, turizm və servis ixtisasları üzrə təhsil alan tələbələri üçün istehsalat təcrübəsinin təşkili və keçirilməsi planları müzakirə edilib.
Assosiasiyanın təşəbbüsü ilə Universitetin nümayəndəsi qonaqpərvərlik və turizm sahəsində fəaliyyət göstərən bir sıra elm, içtimai və biznes qurumları ilə görüşlər keçirmişdir. Səfər çərçivəsində Bakı Dövlət Universitetində də üçtərəfli görüş keçirilib. Görüşdə Assosiasiyanın fəalları ilə yanaşı BDU-nun coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov, xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri c.e.n. Həbibə Soltanova, həmin kafedranın dosenti Müzəffər Ağakərimov və Povoljsk Universitetinin Bakı nümayəndəsi Anna Novikova iştirak edib.
Assosiasiyanın İdarə Heyətinin Sədri Samir Dübəndi qeyd edir ki, Rusiya Federasiyasının Povoljsk Texnoloji Universitetinin hotelçilik, turizm və servis ixtisasları üzrə təhsil alan tələbələri arasında bir sıra həmvətənlilərimiz də təhsil alır. Onlar təhsillərini bitirdikdən sonra Azərbaycana qayıdıb, yerli hotellərin, restoranların, turizm şirkətlərinin əməkdaşları olmaq arzusundadırlar. Bu tələbələr üçün müvafiq istehsalat təcrübəsinin təşkil edilməsi təhsil prosesinin ayrılmaz hissəsi hesab edilir, peşə bilik və bacarıqlarının yaradılması və təkmilləşməsi, gələcəyin bacarıqlı və layiqli peşəkarlarının yetişdirilməsi üçün əvəzedilməz rol oynayır. Məhz bu məqsədlə və peşəkarlar, tələbələr, elm, təhsil, ictimai və biznes təşkilatlarının əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Assosiasiya beynəlxalq əlaqələrini genişləndirir, yaxın gələcəkdə Rusiya Federasiyasının və digər xarici dövlətlərin təhsil müəsissələri və digər təşkilatları ilə də sazişlər əldə etməyi nəzərdə tutur.
O, əlavə edib ki, Assosiasiyanın təşəbbüsü ilə AHEC Azərbaycan Qonaqpərvərlik Təhsil Mərkəzi yaradılıb. Bu mərkəzin əsas məqsədi qonaqpərvərlik sənayesi üçün peşə təlim proqramlarını təklif etməkdir. Yalnız eyni zamanda AHEC qonaqpərvərlik və turizm ixtisasları üzrə müxtəlif pillələrdə təhsil alan tələbələrin təcrübə praktikasının təşkili ilə də yaxından məşqul olur.
Qeyd olunan təşəbüs Assosiasiyanın məqsədlərinə cavab verir və Azərbaycanda qonaqpərvərlik və turizm sənayesinin inkişafına xidmət göstərir.