...

Azərbaycanda ikinci devalvasiya dalğası mümkündür?

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2015 00:12 (UTC +04:00)

Azərbaycan Xəbərlər Xidməti

Azad Həsənli, Trend:

Son günlər Azərbaycanda yeni devalvasiya dalğasının olacağı barədə şayiələr artır. Lakin buna hər hansı tutarlı əsas göstərilmir.

Düzdür, dünəndən başlayaraq ölkədə dolların məzənnəsində cüzi artım müşahidə olunur, lakin panika üçün əsas yoxdur və dolların məzənnəsində kəskin bahalaşma gözləməyə dəyməz.

Dəfələrlə qeyd edildiyi kimi, manatın məzənnəsindəki dəyişiklik neftin qiymətinin düşməsi ilə bağlıdır.

Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun son açıqlamasına görə, milli valyutanın məzənnəsi dünya bazarındakı vəziyyətə, xüsusilə də neftin qiymətindəki kəskin dəyişmələrə görə adaptasiya olunacaq.

Hazırda demək çətindir ki, neftin qiyməti yaxın zamanda necə dəyişəcək. Belə ki, ekspertlərin rəyləri birmənalı deyil: kimsə qiymətlərdə davamlı enişi proqnozlaşdırır, kimsə bahalaşmadan söz açır.

Lakin ötən həftə əlamətdar bir hadisə baş verib - İran və "altılığa" daxil olan ölkələr arasında Tehranın nüvə proqramı barədə ilk razılaşma əldə olunub. Qərb İrana qarşı sanksiyaları azaltmağa, sonra isə tamamilə ləğv etməyə razılıq verdi.

İran isbat olunan neft ehtiyatına görə dünyada 4-cü yeri tutur. Dünya neft ehtiyatlarının 10 faizi, OPEK ölkələrinin neft ehtiyatının isə 13 faizi İrandadır. Sanksiyaların aradan qaldırılması isə İrana neft hasilatını və satışını artırmağa imkan verəcək.

Bir sıra ekspertlərin sözlərinə görə, İrana qarşı sanksiyaların ləğv olunması neftin bir barelinin 20 dollara qədər enməsinə gətirib çıxara bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, sanksiyalar ancaq İranın razılaşmaya əməl edəcəyi halda aradan qaldırıla bilər.

Əlbəttə, sanksiyaların ani ləğvindən söz gedə bilməz. Sanksiyaların ləğvi dünya bazarına təsirini ancaq 2016-cı ilin əvvəlində göstərə bilər. Əvvəlki neft hasilatını bərpa etməyə isə İran daha çox vaxt sərf etməli olacaq.

Bir çox ekspertlər o fikirdə qalır ki, İrana görə OPEK ölkələri "qara qızıl"ın hasilatını azalda bilər. Bundan başqa, Səudiyyə Ərəbistanının neft naziri bəyan edib ki, ölkəsi neft qiymətlərinin "yaxşılaşdırılmasına" hazırdır, o şərtlə ki, buna digər neft hasil edən ölkələrdə razı olacaqlar.

Digər mühüm faktor da odur ki, ABŞ neft hasilatı tempini azaltmağa başlayıb. ABŞ Energetika Nazirliyinin bu barədə bu gün elan edəcəyi gözlənilir.

Bütün bu faktorlar dünya neft bazarındakı vəziyyəti sabitləşdirməyə xidmət edə bilər. Ona görə də, İrana sanksiyaların ləğvi və bunun bazara kəskin təsiri barədə danışmaq tezdir. Sanksiyaların ləğvi barədə razılaşma və bəzi deputatların manatın davamlı ucuzlaşacağı barədə açıqlamaları ölkədəki panika üçün səbəb olub.

Qeyd etmək lazımdır ki, dolların məzənnəsindəki 21 fevral bahalaşmasının əsas səbəbi ajiotaj olmuşdu. Ölkədə manatın devalvasiyası ilə bağlı söhbətlər ötən ilin sonundan gəzirdi. Vəziyyətin süni yönəldilməsi ilə panika başladı. Vətəndaşlar kütləvi şəkildə istər nağd, istərsə də bankda saxladığı manat ehtiyatlarını dollara dəyişməyə can atdı ki, bu da ölkədə valyutanın defisitinə səbəb oldu. Vəziyyətə təsir etmək, ajotajı dayandırmaq üçün Mərkəzi Bank kəskin korrektəyə məcbur oldu.

Nəticədə, fevralın 21-də Mərkəzi Bank milli valyutanın kursunu dəyişərək, dollar məzənnəsini 1,05 manat səviyyəsində (bir gün əvvəl 0,7862 manat olduğu halda) müəyyənləşdirdi. "Qara şənbə" adlandırılan həmin gündən başlayaraq, dolların məzənnəsi 1,05 manat həddinin həndəvərində var-gəl edir, gah cüzi bahalaşır, gah ucuzlaşır.

Rəsmilər artıq bildirmişdilər ki, ölkədə kursu bu qədər kəskin dəyişmək planlaşdırılmırdı. Fevralın 16-da Mərkəzi Bank manatın məzənnəsini dollara bağlamaqdan imtina edərək, bivalyuta səbətinə keçdi - dollar da kiçik templə bahalaşmağa başladı. Lakin sepkulyantların "səyləri" sayəsində, ölkədə panika gücləndi və hər şey ona gətirib çıxardı ki, bir neçə gün ərzində bazarda alınan gündəlik dollar məbləği ən az 500 milyon oldu.

Əgər devalvasiya baş verməsəydi, ilin sonuna qədər Mərkəzi Bankın valyuta rezervləri kəskin azala, hətta sıfıra çata bilərdi.

2014-cü ilin sonunda Mərkəzi Bankın valyuta rezervləri 2014-cü ilin ortasındakı 15 milyard dollardan 13,8 milyard dollara enmişdi. Əgər MB manatın məzənnəsini intervensiya yolu ilə dəstəkləməyə davam etsəydi, 2015-ci ilin sonuna kimi bu rezervlər tamamilə tükənmiş olardı (Hazırda MB-nin valyuta rezervləri 10 milyard ABŞ dolları təşkil edir.

Buna görə də, başa düşmək lazımdır ki, hər hansı şəkildə panikanın baş verməsi vəziyyəti daha da dərinləşdirə bilər. Həm də xarici valyuta almaq üçün axının artması valyutadəyişmə məntəqələrində dolların defisitinə səbəb olur, bu hal isə artıq bu gün səhərdən müşahidə olunmaqdadır.

Əlbəttə ki, dünya bazarında situasiya birmənalı deyil və "qara qızıl"ın qiyməti dəyişir. Əgər ümumi tendensiyaya baxsaq, ilin əvvəlindən bəri neftin qiyməti nisbətən qalxıb.

2015-ci ilin əvvəlində neftin bir bareli 45-48 barelə satılırdısa, indi onun qiyməti 55 dollara qalxıb. Azərbaycan neftinin qiyməti çərşənbə axşamı ötən həftədə olan 57,27 dollardan 60,43 dollara qalxıb.

Təxmin edə bilərik ki, OPEK ölkələrinin İrana sanksiyaların ləğvindən sonra alacaqları tədbirlər neftin qiymətindəki kəskin dəyişikliklərin qarşısını alacaq. Həmçinin onu da qeyd edək ki, Azərbaycan hökuməti növbəti il üçün neftin baza qiymətini 50 dollar kimi göstərməyi planlaşdırır. Və neft hasil edən ölkələr bazardakı vəziyyəti indiki kimi qoruya bilsələr, Azərbaycan öz məzənnə siyasətində kəskin dəyişikliklər etməli olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti