Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Azad Həsənli/
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu ilin mayından Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları üçün aktuarlar kursu təşkil edəcək. Trend-in məlumatına görə, bunu ASA-nın rəhbəri Orxan Bayramov aktuar şəhadətnamələrinin verilməsi mərasimində deyib.
Onun sözlərinə görə, kurslar ölkədə özəl pensiya fondlarının yaradılması çərçivəsində keçiriləcək.
O.Bayramov əlavə edib ki, ASA hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında aktuar fəaliyyət üzrə xüsusi fakültənin yaradılmasını müzakirə edir. Gələcəkdə ölkənin digər ali məktəblərində də belə fakültələrin açılması gözlənilir.
ASA rəhbəri vurğulayıb ki, analoji kurslar digər sektorların, məsələn, bank sektorunun nümayəndələri üçün də təşkil edilə bilər.