...

Şahin Mustafayev: Sahibkarlığın inkişafı Azərbaycanın prioritetidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2015 19:36 (UTC +04:00)
Bu gün dünya iqtisadiyyatının 85%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin 2/3-ni özündə cəmləşdirən G20 ölkələri xüsusilə böhranlı 2008-2009-cu illərdən sonra qlobal iqtisadi məsələləri müntəzəm olaraq müxtəlif formatlarda müzakirə edirlər.
Şahin Mustafayev: Sahibkarlığın inkişafı Azərbaycanın prioritetidir

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Ənvər Məmmədov/

Bu gün dünya iqtisadiyyatının 85%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin 2/3-ni özündə cəmləşdirən G20 ölkələri xüsusilə böhranlı 2008-2009-cu illərdən sonra qlobal iqtisadi məsələləri müntəzəm olaraq müxtəlif formatlarda müzakirə edirlər. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev B20 Azərbaycan Regional Məsləhət Forumunda deyib.

Onun sözlərinə görə, bu müzakirələrin səmərəliliyinin artırılması, ölkələrin sosial-iqtisadi inkişafına maneələr yaradan problemləri müəyyənləşdirərək G20 sammitlərinin gündəliyinə çıxarılması üçün digər qruplarla bərabər yaradılmış B20 qrupu mühüm əhəmiyyət kəsb edir: "Belə ki, bu platforma iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı məsələlərinin geniş müzakirəsi, ölkələrin biznes cəmiyyətləri ilə qlobal siyasəti müəyyən edənlər arasında əlaqələrin yaradılması üçün gözəl fürsət yaradır".

Nazir qeyd edib ki, ötən ilin dekabr ayından G20-yə sədrlik edən qardaş Türkiyənin aprdığı islahatlar nəticəsində ən inkişaf etmiş 20-liyə üzv olması və bu gün qlobal çağırışların həllinə öz layiqli töhfəsini verməsi təbii ki, bizdə də böyük qürur hissi doğurur: "Sədrlik edən ölkə kimi Türkiyənin G20-yə qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlıq və dostluq münasibətlərini bir daha təsdiq edir və fürsətdən istifadə edərək bu qərara görə təşəkkürümüzü bildirmək istərdik".

O, əlavə edib ki, hazırda Türkiyə 2023-cü ilədək dünyanın ən böyük 10 iqtisadiyyatı arasında yer almaq, adambaşına düşən milli gəliri 2 dəfədən çox artırmaqla 25 min dollara yüksəltmək, ixrac həcminin 3 dəfədən çox artırmaqla 500 mlrd. dollara çatdırmaq kimi iddialı hədəflərə doğru inamla irəliləyir: "Türkiyənin sədrliyi dövründə B20 platforması çərçivəsində G20-yə daxil olmayan ölkələrin qlobal biznes məsələlərinin müzakirəsinə cəlb olunması daha geniş vüsət alıb və artıq bir sıra ölkələrdə Regional məsləhətləşmə forumları keçirilib".

Ş.Mustafayev bildirib ki, növbəti regional forumun Bakıda keçirilməsi ilə Azərbaycan da G20 çərçivəsində bu qlobal prosesə qoşulmuş olur və bugünkü forumda bir sıra region ölkələrinin nümayəndələri iştirak edir: "Forumun Bakıda keçirlməsi təşəbbüsünün dəstəklənməsinə görə B20 Türkiyə-nin idarə heyətinə, ilk növbədə Türkiyə Odalar və Borsalar Birliyinin sədri cənab Rifat Hisarçıklıoğloya təşəkkürümü bildirirəm".

Onun sözlərinə əsasən, bu tədbirin region ölkələrindən məhz Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil: "24 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycan sürətli iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq mərkəzləşdirilmiş planlı sistemdən bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib".

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb: "Son illərdə büdcə kəsiri ÜDM-nin 1%-dən çox olmamış, ölkənin xarici borcu ÜDM-nin 8,6 %-i səviyyəsindədir və hazırkı valyuta ehtiyatları bu borcu 8 dəfə üstələyir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80%-ə yaxın hissəsini təşkil edir. Sözsüz ki, dinamik iqtisadi inkişaf bu müddətdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə əlverişli zəmin yaradıb. Belə ki, 10 ildə əhalinin gəlirləri 6 dəfə, orta aylıq əmək haqqı 4,5 dəfə artmış, işsizlik səviyyəsi cəmi 4,9% təşkil edib. Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur".

Ş.Mustafayev qeyd edib ki, son on il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılıb: "Belə ki, əsas agentliklər- "Fitch Ratings", "Standart & Poor's" və "Moody's" hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi veriblər. "Dünya rəqabət qabiliyyətliliyi 2014-2015" hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-dir. Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə "aşağı orta gəlirli" ölkələr qrupundan "yuxarı orta gəlirli" ölkələr qrupuna, İnsan İnkişafı hesabatında "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna yüksəlib".

O, əlavə edib ki, davamlı iqtisadi inkişafı təmin edən ən mühüm şərtlərdən biri sahibkarlığın inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılşdırılmasıdır: "Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir.Bu məqsədlə mütərəqqi qanunvericilik bazası yaradılmış, bu sahəyə səmərəli dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxmış təşkilati-hüquqi modellərin, o cümlədən sənaye parklarının və məhəllələrin, aqroparkların, biznes inkubabatorların və digərlərinin yaradılmasına başlanılıb. Bununla yanaşı, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır. Eyni zamanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Görülən işlər nəticəsində Azərbaycanda güclü orta sahibkarlar təbəqəsi formalaşmış, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılmlş, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıb. 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73 faiz, vergi daxilolmalarında 70 faiz, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi təqribən 82 faiz təşkil edib. Hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır".

Nazirin sözlərinə görə, Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: "Məsələn, "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, bu il isə 189 ölkənin iqtisadiyyatını qiymətləndirən "Doing Business 2015" hesabatında ən çox islahat aparan 10 ölkə sırasında 8-ci olub. Bugünkü tədbirdə region ölkələlərinin də təmsil olunduğunu nəzərə alaraq, Azərbaycanın reginal əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini xüsusi vurğulamaq istərdim. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri bu gün artıq nəinki regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu sahədə 1994-cü ildən başlayaraq neft və qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının Bakı-Tbilisi-Ceyhan və digər neft kəmərləri, eləcə də Cənub qaz dəhlizi və digər qaz kəmərləri vasitəsilə dünya bazarlarına çıxarılması layihələri uğurla həyata keçirilməkdədir. Digər tərəfdən, şərq-qərb və şimal-cənub istiqamətlərində magistral yolların yenidən qurulması regional əməkdaşlığın inkişafına, ölkəmizin tranzit potensialından səmərəli istifadəyə şərait yaradır, Azərbaycanı mühüm tranzit qovşağına, Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir. Məsələn, "Dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə sərnişinlərin və yüklərin Çindən Londonadək dəmir yolu vasitəsilə daşınmasına imkan yaranacaq".

Ş.Mustafayev diqqətə çatdırıb: "Qeyd etmək lazımdır ki, enerji, nəqliyyat və digər regional infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrlə sıx əməkdaşlıq edir. Bununla yanaşı, ticarət, investisiya, enerji mübadiləsi kimi sahələrdə də region ölkələri bizim əsas tərəfdaşlarımızdır. Təəssüflər olsun ki, regional əməkdaşlığın genişləndirlməsi bəzi problemlərlə müşayiət olunur ki, bunların da ən ciddisi Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq siyasəti, Azərbaycanın ərazisinin 20%-nin işğal altında saxlanılmasıdır. Bu siyasət nəticəsində işğalçı dövlət özü bütün regional layihələrdən kənarda qalıb və işğala son qoyulmayınca bu ölkənin hər hansı layihədə iştirakı mümkün olmayacaq".

Nazir bildirib: "Yekunda əmin olduğumu bildirmək istərdim ki, bu mötəbər tədbir maraqlı çıxışlar və məhsuldar müzakirələrlə zəngin olacaq, Forumun nəticələri nəinki regionda, həmçinin qlobal səviyyədə sahibkarlığın inkişafına töhfəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti