...

"Maliyyə savadlılığı" layihəsi çərçivəsində keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə "Maliyyə savadlılığı" layihəsi çərçivəsində keçirilmiş müəllimlər arasında "Həyat Bilgisi və Maliyyə Savadlılığı" və şagirlər arasında "Bu günün qənaəti sabahın təminatıdır" adlı respublika müsabiqələrinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Bankdan Trend-ə verilən məlumata görə, müsabiqələrin keçirilməsində əsas məqsəd müəllimlərin 2006-cı ildən etibarən tədris olunan Həyat Bilgisi fənninin "Fərd və cəmiyyət" məzmun xəttinin "Cəmiyyətin sosial-iqtisadi həyatı" alt-xətti üzrə elektron təhsil resurslar hazırlaması, şagirdlərə pul yığımı və qənaətcillik mədəniyyətinin daha dərindən aşılanması olmuşdur.

Müsabiqəyə müəllimlər tərəfindən ümumilikdə 133 layihə, şagirdlər tərəfindən isə ümumilikdə 91 layihə təqdim edilmişdir ki, müəllimlərin tərəfindən hazırlanmış 7 resurs, şagirdlər tərəfindən hazırlanmış 19 resurs müsabiqə şərtlərinə cavab vermədiyi üçün qəbul edilməmişdir. Təqdim edilmiş layihələr müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az) yerləşdirilmişdir.

Müsabiqələrdə ən aktiv iştirakçılar, paytaxt Bakı şəhəri ilə yanaşı, Hacıqabul, Şəki və İsmayıllı rayonlarının şagird və müəllimləri olmuşdur. Təqdim edilmiş resurslar Təhsil Nazirliyi və Mərkəzi Bankın mütəxəssisləri, o cümlədən iqtisadçı və müəllimlərdən ibarət Ekspert komissiyası tərəfindən 2 mərhələdə, müsabiqənin şərtlərində göstərilmiş meyarlar əsasında qiymətləndirilmişdir.

Nəticədə hər iki müsabiqə üzrə I, II və III yerlər və fərqlənənlər müəyyən edilmişdir. Müsabiqələrin qaliblərinə diplom və sertifikatlar təqdim olunmuş və müxtəlif dəyərli hədiyyələr - noutbuklar, planşetlər, printerlər və s. verilmişdir. Ümumilikdə, 17 müsabiqə iştirakçısı mükafatlandırılmışdır ki, bunlardan I, II və III yerləri tutmuş 3, fərqlənmiş 5 müəllim, həmçinin I, II və III yerləri tutmuş 4, fərqlənmiş 5 şagirddir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılması strateji hədəf kimi qəbul olunmuş və artıq bir neçə ildir ki, ölkə əhalisinin maliyyə sahəsində maarifləndirilməsi məqsədilə "Maliyyə savadlılığı" layihəsini həyata keçirilir. Layihənin hədəf qruplarına ümumtəhsil müəssisələrinin müəlim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri daxildir. Müsabiqələr Layihənin fəal iştirakçıları olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, AccessBank və FİNCA Azərbaycan tərəfindən dəstəklənmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti