...

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinə yeni sədri və müavinləri təyin edildi (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2015 17:49 (UTC +04:00)
Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının yığıncağının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri təyin edilib.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinə yeni sədri və müavinləri təyin edildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının yığıncağının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri təyin edilib.

Trend-in məlumatına görə, daha əvvəl o, "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Cahangir Hacıyev səhhətinə görə vəzifəsini tərk etdikdən sonra Azərbaycanın iri bankının rəhbəri vəzifəsi 2015-ci il martın 18-dən boş qalmışdı.

C.Hacıyev 2001-ci ilin martından ABB-nin İdarə Heyətinin sədri vəzifəsini tuturdu. Onun gedişindən sonra bankın İdarə Heyətinin sədrinin səlahiyyətlərini ABB-nin İdarə Heyətinin sədrinin müavini Emil Mustafayev icra edirdi.

Məmmədov Elmar Məmməd oğlu 1967-ci il oktyabrın 9-da anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1994-cü ildə isə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbail filialının müdiri olub. 2004-cü ilin noyabrından "Kapital Bank" ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. "Kapital Bank" ASC Müşahidə Şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, "Kapital Bank" ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2014-cü il iyunun sonundan "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olub. Ailəlidir, bir övladı var.

ABB-nin əsası 1992-ci ilin yanvarında qoyulub. Bankın əsas səhmdarı Azərbaycan hökuməti adından Maliyyə Nazirliyidir. Azərbaycan hökuməti səhmlərin 51,07 faizinə sahibdir, səhmlərin qalan hissəsi isə özəl fiziki və hüquqi şəxslərin payına düşür.

XXX

Beynəlxalq Bankın yaydığı rəsmi məlumata görə, 22 iyul 2015-ci il tarixdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" 15 iyul 2015-ci il tarixli fərmanından irəli gələn vəzifələr müzakirə edilib, Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi, bankın səhmlərinin formasının dəyişdirilməsi barədə məsələlərə baxılıb.

Bankın Müşahidə Şurasının mövcud say tərkibi 7 nəfərdən 5 nəfərədək endirilib.

Bankın İdarə Heyətinin üzvləri Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyevin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onlar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər. İdarə Heyətinin yeni tərkibi seçilib, Elmar Məmməd oğlu Məmmədov 4 il müddətinə İdarə Heyətinin sədri vəzifəsinə, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov isə həmin müddətə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin ediliblər.

Yeni seçilmiş İdarə Heyətinə bankın maliyyə sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı tədbirləri həyata keçirmək məqsədilə kredit siyasətinin yenidən işlənib hazırlanması, bankın təşkilati strukturunun və filial şəbəkəsinin təkmilləşdirilməsi və bir sıra digər mühüm məsələlər barəsində tapşırıqlar verilib. Bankın Audit Komitəsinə isə adıçəkilən fərmandan irəli gələn vəzifələrin icrası olaraq bank tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin araşdırılması, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi həvalə edilib.

Bununla yanaşı, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmlərinin forması bu qanunun tələbi olaraq sənədli formadan sənədsiz formaya dəyişdirilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti