...

Qəzvin-Rəşt-Astara dəmiryolunun hazır olacağı tarix açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2015 14:44 (UTC +04:00)
Qəzvin-Rəşt-Astara dəmiryolunun Qəzvindən Rəşt şəhərinə kimi olan hissəsinin tikintisi artıq başa çatıb
Qəzvin-Rəşt-Astara dəmiryolunun hazır olacağı tarix açıqlandı

İran, Tehran, 3 avqust /Trend, müxbir Təmkin Cəfərov/

"İran 3 il ərzində Qəzvin-Rəşt-Astara (İran) dəmiryolunun tikintisini başa çatdıracaq". Bunu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin Tehrana səfəri (3-4 avqust) öncəsi Trend-ə müsahibə verən İran-Azərbaycan hökumətlərarası komissiyanın katibliyinin rəhbəri Mehdi Möhtəşəmi bildirib.

O, qeyd edib ki, Qəzvin-Rəşt-Astara dəmiryolunun Qəzvindən Rəşt şəhərinə kimi olan hissəsinin tikintisi artıq başa çatıb: "Rəşt şəhərindən Astaraya kimi olan hissədə də dəyərləndirmə planı hazırlanıb, marşrut müəyyənləşib, infrastruktur hazırdır və xeyli sərmayə yatırılıb. Belə ki, Azərbaycan və İran prezidentləri də bu dəmiryolun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıblar. Dəmiryolda işlər çox sürətlə tamamlana bilər. 160 kilometrlik məsafədə rels qoyulmalı və tikinti işi tamamlanmalıdır".

M.Möhtəşəmi deyib ki, Qəzvin-Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsi İranın Yol və Şəhərsalma Nazirliyinin prioritet layihəsidir: "Layihənin tamamlanması üçün maliyyə vəsaitinə və investisiya yatırılmasına ehtiyac var. İndiyə kimi dəmiryolun təkmilləşməsinə sərmayə yatırılması üçün bir neçə variant araşdırılıb. İran, Azərbaycan və Rusiya dəmiryol idarələri arasında da birgə sərmayə yatırılması üçün saziş imzalanıb".

O vurğulayıb ki, İran özü də texniki avadanlığın və sərmayənin təmini məqsədilə bəzi ölkələr və şirkətlərlə müzakirələr aparıb: "İslam İnkişaf Bankı və ECOBANK ilə də danışıqlar aparılıb. Ümid edirik ki, sanksiyaların ləğvi ilə bu layihəyə sərmayə qoyuluşu təmin olunacaq və şəxsən mən bu dəmiryol layihəsi prioritet olduğu üçün lazım olan vəsaitin təmin olunacağına əminəm. Bizim planımız budur ki, ən çox qarşıdakı 3 il ərzində bu dəmiryol layihəsini təkmilləşdirib başa vuraq və Azərbaycan və İran dəmiryollarını birləşdirək. Ona görə ki, Şimal-Cənub dəhlizi İpək Yolunun bir hissəsidir. İpək Yoluna qoşulmaq üçün infrastruktur tam hazır olmalıdır. Çinin İpək Yolu layihəsi icra olunur və bunun üçün 100 milyard dollar vəsait ayrılıb. Azərbaycan və İran dəmiryolları birləşərsə, əminliklə demək olar ki, hər iki ölkə böyük İpək Yolu layihəsində yer alacaq. Bu, beynəlxalq ticarət və tranzitin həyata keçirilməsi üçün digər ölkələri İran tərəfdən Azərbaycana və Avropa tərəfdən Azərbaycan, İran və Fars Körfəzi ölkələrinə birləşdirəcək. Bu layihə bizim üçün strateji layihədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti