Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Elmir Murad/
"Bu ilin sonuna kimi ticarət və ictimai iaşə sektoruna qoyulan kreditlərdə artım ola bilər". Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.
Onun sözlərinə görə, bununla yanaşı, emal sənayesinə qoyulan kreditlər də artacaq.
Ekspert azalmanın müşahidə olunacağı sektorları da açıqlayıb: "Bütün bunlarla yanaşı, bir sıra sahələrə qoyulan kreditlərdə azalma olacaq. Misal üçün, inşaat və emal sənayesi, o cümlədən kənd təsərrüfatında azalma ola bilər. Bu, ilin əvvəlindən gözlənilən idi. Hesab edirəm ki, azalma bir müddət bu templə davam edəcək".
Mərkəzi Bankın son statistikasını xatırladan S.Əliyev qeyd edib ki, kredit qoyuluşlarının 40 faizi istehlakın, qalan 60 faizi isə digər sahələrin payına düşür.
Onun sözlərinə görə, istehlak sahəsinin əsasını isə daha çox avtomobil kreditləri təşkil edir: "Avtomobil kreditindən sonrakı yerləri məişət texnikası tutur. Digər 60 faizin təxminən 30 faizi ticarət sektorunun payına düşür. Burada ictimai iaşə sektorunun da payı var. Kənd təsərrüfatı ən az paya malik sahələrdəndir. Bu sektorun 5 və ya 6 faiz payı var. Qalan 10 faiz isə inşaat və əmlak sektoruna düşür. Onu da qeyd edim ki, bu, hələ son deyil. Statistik rəqəmlərə nəzər salsaq, məntiq bu ilin sonuna kimi sadaladığım sektorlara kredit qoyuluşlarının yenə də azalacağını göstərir".