Azərbaycan, Bakı, 21 avqust /Trend/
Onlayn investisiyaları necə etməli?
"Saxo Bank"ın eksperti Fuad Kərimov
Son 20 il ərzində internetin sürətli inkişafı onlayn treydinq fəaliyyətinin genişlənməsinə səbəb olub. Maliyyə bazarlarının iştirakçıları internetin təklif etdiyi fürsətləri anladıqca bu cür dəyişikliklər təbiidir. Maliyyə dünyası dinamikliyi və yüksək tempi ilə fərqləndiyindən onlayn treydinq tam uyğun bir həldir.
Onlayn treydinq fəaliyyətinin ilkin olaraq 1994-cü ildə "K.Aufhauser & Co" şirkəti tərəfindən həyata keçirildiyi qeyd olunur. Bu hadisədən cəmi bir neçə il sonra maliyyə sənayesinin pionerləri olan "E*TRADE" və "Saxo Bank" ilk onlayn ticarət platformasını təqdim etdilər ki, eyni platforma hazırda da fəaliyyət göstərir.
Müasir investorlar məkandan asılı olmadan treydinq imkanlarından tamlıqla faydalanmaq fürsəti axtarırlar. Müştəri yönümlü tendensiya maliyyə sənayesində mobil cihazların əhəmiyyətini artırır ki, bu da ənənəvi maliyyə xidmətlərindən fərqli bir model yaradır. Günümüzdə investisiya portfelinə 24/7/365 girişin olması vacibdir. "Facebook" və "Twitter" kimi sosial şəbəkələrin cəmiyyətdə artmaqda olan rolu yeni investisiya arenasının, sosial treydinq platformasının yaradılmasına təkan verir. Sosial treydinq investorlara əvvəllər görünməmiş imkanlar və yüksək dərəcədə şəffaflıq təklif edir. Sosial treydinq platformalarında investorlar digər bazar iştirakçıları üçün açıq profil yarada bilərlər. Bununla onlar investisiya strategiyalarını və maliyyə əməliyyatlarını digərlər ilə paylaşa bilərlər. Əvvəllər treydinq qapalı fəaliyyət növü hesab olunurdu. Sosial treydinq platformaları vasitəsilə investorlar maliyyə bazarlarının nüfuzlu iştirakçıları ilə fikir və strategiya mübadiləsindən faydalana bilərlər.
Platforma seçimi
Onlayn treydinq üçün önəmli amillərdən biri ticarət mühitinə, maliyyə məhsulları marağına, treydinq üslubu və strategiyaya uyğun güclü, universal platformanın seçimidir. Kompüterdən, planşetdən və ya çoxsaylı monitorlardan istifadə edilməsinə baxmayaraq, mövcud imkanlardan maksimum faydalanmağa imkan verən multi-aktivlər platforması tələb olunur. Sözügedən platformanın intuitiv və güclü istifadəçi interfeysinə malik mobil, həmçinin planşet versiyalarının mövcudluğu da əhəmiyyətlidir. "Saxo Bank"ın yeni təqdim etdiyi "SaxoTraderGO" ticarət platforması məkandan və zamandan asılı olmayaraq hər növ cihaz vasitəsilə (iOS, Android, Veb) treydinq fəaliyyətini nəzarətdə saxlamaq imkanı təklif edir. Platforma şəkildə təsvir olunmuş ticarət hesabındakı kimi valyuta, əmtəə və səhmlər vasitəsilə portfel diversifikasiyasına imkan verir.
Sifarişlərin yerləşdirilməsi
Əgər bir neçə ticarət hesabınız varsa, o zaman ilk olaraq treydinq fəaliyyəti ilə məşğul olacağınız və sifarişi yerləşdirəcəyiniz hesabı seçmək lazımdır. Rahat axtarış interfeysi sadəcə bir neçə hərf yazmaqla müvafiq maliyyə alətlərinin siyahısını təklif edir. Məsələn, əgər ABŞ dolları və Yapon yeni ilə ticarəti planlaşdırılırsa, şəkildə göstərilən kimi USDJPY və ya DollarYen daxil etmək gərəkir.
Siyahıdan USDJPY seçdikdən sonra "Trade Ticket" bölməsində seçilmiş alət üçün mümkün ticarət əməliyyatları göstərilir. Hazırkı nümunədə siyahıda "Spot" (dəyişən qiymətlər şəraitində birbaşa ticarət), "Order" və ya "Option" əməliyyatları təklif olunur.
Valyuta bazarlarına yatırım
Valyutalarla ticarət və ya foreks yüksək likvidliyə malik bazar olmaqla saat ərzində sövdələşmələr aparmağa imkan verir. Bir çox investorlar foreks bazarlarında aparıcı valyutalarla ticarəti hecləşdirmə üçün istifadə edirlər, belə ki, burada qısa müddət ərzində gözlənilməz dəyişikliklər müşahidə edilmir. Bazarın likvidliyi o anlama gəlir ki, bazar ertəsindən cüməyədək istənilən anda sövdələşmələrə giriş və ya çıxış mümkündür. Foreks əməliyyatları eyni zamanda bir valyutanın alışı və digərinin satışını nəzərdə tutur. Məsələn, EURUSD almaq o deməkdir ki, avro alıb, ABŞ dollarını satırıq. Texniki olaraq heç bir səhm almadan sövdələşmədə olan məbləğin həcminə və gələcəkdə valyuta kursunun dəyişməsinə uyğun risk almış oluruq. Foreksin riski digər bazarlardan heç də fərqlənmir, ancaq bir sıra foreks xidmətləri təqdim edən qurumların təklif etdiyi alətlər son dərəcə riskli ola bilər.
Əmtəə bazarlarına yatırım
İnvestisiya portfelinin diversifikasiyası əmtəə bazarlarına yatırım üçün başlıca səbəbdir. Neft və qızılın digər əmtəələrlə müqayisədə daha qeyri-stabil olmasına baxmayaraq investorlar arasında geniş yayılıb. Bir əmtəənin payına düşən risk dərəcəsi bütöv bir sektor, həmçinin aktiv sinfi ilə bağlı olan riskdən daha çoxdur. Yeni başlayan investorlar bazarlarda ETP və ETF qiymətli kağızları vasitəsilə ticarət edirlər. ETP və ETF əmtəə bazarlarında geniş imkanlar təklif edir və yatırılan investisiyalar adətən borc məbləğlərinə çevrilmir. Məsələn, yatırılan 100 ABŞ dolları sövdələşmələrdə eyni məbləğ olaraq qalır. Risk menecmenti baxımdan daha təhlükəsiz bir variantdır.
Səhm bazarlarına yatırım
Səhm bazarları müxtəlif şirkətlərin alış və satışını təcəssüm etdirir ki, bu da şirkətdə pay sahibi olmanı bildirir. Pul yatırımları hər zaman risklə müşahidə olunur və inkişafda olan ölkələrə yatırım inkişaf etmiş ölkələrdən daha riskli sayılır. Xarici səhm bazarlarına investisiya yatırımı yerli bazarlara əlavə edilmiş valyuta effekti ilə yatırımla eynilik təşkil edir. Əgər valyuta effekti hecləşdirilməyibsə, riyazi olaraq bu aktivlərə investisiya daha riskli sayılır. Səhmlərlə ticarətin digər bir üsulu CFD (qiymət fərqinə dair müqavilələr) vasitəsilədir. Bu müqavilələr baza aktivinə malik olmadan sövdələşmələrdə iştiraka və gəlir əldə etməyə imkan verir. CFD-lər treydinq fəaliyyətinə universal bir yanaşma təklif etməklə müxtəlif alətlərdən istifadəyə və qısamüddətli ticarətə imkan verir.