Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
Bu ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayındırmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanılıb. Bu barədə Trend-ə Vergilər Nazirliyindən məlumat verilib.
Məlumata görə, başlanmış cinayət işləri üzrə təkcə cari ilin səkkiz ayı ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilib.
Bundan başqa, araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilib. Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulmuş, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət büdcəsinə olan vergi borcuna görə haqqında cinayət işi açılmış vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanmasında məqsəd onlar barəsində cəmiyyəti məlumatlandırmaqdır.
Bakı şəhəri üzrə cari ilin səkkiz ayı ərzində vergidən yayınma halı üzrə barəsində cinayət işi açılmış və istintaqı yekunlaşdırılaraq ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təsdiqləndikdən sonra məhkəməyə göndərilmiş 146 vergi ödəyicisinin siyahısını qəzetimizin bu nömrəsində dərc edir, ərazi vergi departamentləri və idarələri üzrə digər siyahıları isə gələn nömrələrimizdə təqdim edəcəyik.
Məlumat üçün bildiririk ki, belə vergi ödəyicilərinin tam siyahısı ilə Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin "Borclu vergi ödəyiciləri" bölməsində tanış ola bilərsiniz.
Siyahı http://www.taxes.gov.az/modul.php?name=pages&page=156 ünvanında yerləşdirilib.
Qeyd edək ki, ilk olaraq, hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə vergi ödəyicisinə bildiriş göndərilir.
Borc bildirişdə göstərilən müddətdə ödənilmədikdə, vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan sərəncam verir. Borc bundan sonra da ödənilmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakı siyahıya alınır və mövcud qanunvericiliyə uyğun olaraq, belə vergi ödəyicilərinə qarşı daha sərt tədbirlər görülür.
Məlum olduğu kimi, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, xeyli miqdarda (iki min manatdan əlli min manatadək olan məbləğ) və ya külli miqdarda (əlli min manatdan yuxarı olan məbləğ) vergiləri ödəməkdən yayınma cinayət əməli hesab edilir.
Cinayət tərkibi yaradan məbləğdə borcu olan vergi ödəyicilərinə borc materiallarının birgə araşdırılması və onun ödənilməsi barədə çağırış vərəqələri göndərilir, borc araşdırmadan sonra da ödənilmədikdə isə cinayət tərkibi yaradan vergi borcu ilə bağlı materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə aidiyyəti üzrə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilir.
Mövcud praktika göstərir ki, vergi ödəyiciləri barəsində cinayət işinin açılması onların işgüzar nüfuzuna ciddi xələl gətirən amillərdən biri olduğuna görə, xeyli və ya külli miqdarda vergi borclarının ödənilməməsinə görə barəsində cinayət işi açılan vergi ödəyicilərinin çoxu borclarını qısa müddət ərzində dövlət büdcəsinə ödəyirlər.